?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

18 oktyabr - İstiqlalın bərpası günü

1991-ci il oktyabrln 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Həmin sənəd ilə bağlı "Ekspress" qəzetinə verdiyim müsahibəni diqqətinizə çatdırıram (www.ekspress.az/2010/10/13/get=23284):

Ali Sovet Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında 1991-ci il avqustun 30-da Bəyannamə qəbul etsə də, sənəd hüquqi baxımdan formal xarakter daşıyırdı. Ona görə də tərkibində konstitusion müddəalar olan sənədin qəbuluna ehtiyac var idi. Belə bir sənədin layihəsi, ovaxtkı hakimiyyət tərəfindən hazırlansa da, buna alternativ variant da hazırlanmışdı. Həmin alternativ layihənin müəllifi tanınmış hüquqşunas Fuad Ağayev idi. F.Ağayev müsahibəsinə alternativ layihənin necə meydana gəlməsindən danışmaqla başladı.

   - O zaman Ali Sovetə təqdim olunmuş layihənin müəllifi Şahin Əliyev (hazırda Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri işləyir - müəl.) idi. Deputatlara paylanmış mətni Etibar Məmmədov mənə verdi. Şəxsən məni həmin layihə xeyli dərəcədə qane etmirdi. Belə bir hal, yəni dövlət müstəqilliyinin bərpası min ildə olan bir hadisədir. Dövlət müstəqillliyinin bərpası o demək idi ki, Azərbaycan beynəlxalq hüququn yeni bir subyektinə çevriləcək. Azərbaycanın Sovet İttifaqında olan müttəfiq respublikalarla münasibətlərində beynəlxalq hüquqdan irəli gələn, hüquqi varisliklə bağlı məsələlər yaranırdı. Hökumət layihəsi bu sualları cavablandırmırdı. Həmin layihədə, bizi qane edən əsas məsələ Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi və SSRİ-nin yaradılması haqqında müqavilənin etibarsız sayılması ilə bağlı maddə idi. Burada bizim mövqeyimiz uyğun idi. Müstəqilliklə bağlı sənədə belə yanaşma yetərli deyildi. Ona görə də Etibar bəylə danışıb, alternativ layihəni hazırladım. Layihə ilk dəfə "Millət" qəzetinin sıfırıncı sayında çap olundu.

   - Layihələr arasında başqa hansı fərqlər var idi?

   
- Oktyabrın 17-də Ali Sovetdə dövlət müstəqilliyi barədə Konstitusiya Aktı müzakirəyə çıxarılanda bizim layihə ümumiyyətlə nəzərə alınmamışdı. Bu zaman deputat İnqilab Nadirov məsələ qaldırdı ki, alternativ layihə var və bundan sonra Ali Sovet qərara gəldi ki, İşçi Qrup bu iki layihə üzərində çalışıb, vahid layihə təqdim etsin. Elə həmin axşam bu sənəd üzərində iş getdi. Müzakirələrdə işçi qrupun rəhbəri, deputat Hacıbaba Əzimov, Şahin Əliyev, Niyazi Səfərov və mən iştirak edirdim. Mən indi də o fikirdəyəm ki, bizim layihə xeyli dərəcədə o zamanın tələblərinə daha uyğun idi. Çünki o, ilk növbədə hüquq varisliyi, bununla bağlı yaranan və yaranacaq mülkiyyət məsələlərini həll edirdi. Azərbaycan ərazisində yerləşən daşınmaz əmlakın Azərbaycana məxsus olması, daşınar mülkiyyətin isə yalnız müvafiq sazişlər əsasında başqa dövlətə verilməsi, keçmiş SSRİ qanunvericiliyinin hansı hədlərdə, Azərbaycan ərazisində hüquqi qüvvəyə malik olması barədə məsələlər nəzərdə tutulurdu. Bütun bunlar nəzəriyyədən daha çox, praktiki məsələlər idi. Məsələn, elan edilsəydi ki, Azərbaycan ərazisində yalnız Azərbaycan qanunları işləyəcək, bu, xaosa, ağlasığmaz özbaşınalıqlara gətirib çıxarardı. Heç də SSRİ-nin bütün qanunları Azərbaycanın müstəqilliyinə zidd olan qanunlar deyildi. Məsələn, mülkiyyət, sahibkarlıqla bağlı qanunlar. Hökumət layihəsində belə müddəalar yox dərəcəsində idi. Bizim təklifdə normativ aktlarla bağlı qeyd olunurdu ki, Azərbaycanın müstəqilliyinə xələl gətirməyən SSRİ qanunlarını Ali Sovet müəyyənləşdirsin. Bu, çox praktiki məsələ idi. Əmlak məsələləri ilə bağlı isə biz ilk növbədə keçmiş İttifaq dövlətləri ilə, Rusiya Federasiyası və başqa respublikalarla münasibətlərimizi müəyyən etməli idik. Kobud desək, bilməliydik ki, alacağımız nədir, verəcəyimiz nə. Bunun üçün isə Konstitusiya Aktında beynəlxalq hüquqla uzlaşan, dövlətimizin mənafeyinə uyğun olan, danışıqlar zamanı istinad edilə bilən normalar olmalı idi. Bundan başqa, hökumət layihəsində demək olar ki, preambula yox idi. Nəticə etibarilə 18 oktyabrda müzakirəyə çıxarılan layihədə təkliflərimiz istədiyimiz qədər olmasa da, kifayət qədər nəzərə alınmışdı.

   - Təklif etdiyiniz hansı maddə keçmədi?

   
- Beynəlxalq müqavilələrlə, hüquqi varislik ilə bağlı bəzi məsələlər keçmədi... Əfsuslar olsun ki, bu Aktın bir sıra müddəalarına da sonradan tam əməl olunmadı. Məsələn, Azərbaycanın müstəqilliyinə xələl gətirməyən SSRİ qanunlarının siyahısı yalnız 2 il keçəndən sonra təsdiq edildi. Alternativ layihəmizlə biz ona nail olduq ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı xeyli yaxşılaşdı. Ancaq yenə deyirəm, ilkin variant isdədiyimiz şəkildə yaxşılaşmadı.

   - Ali Sovetdə müstəqilliklə bağlı sənədə ikili yanaşma var idi və bu, səsvermədə də özünü göstərdi. Bu nə ilə bağlı idi?

   
- O vaxt Ali Sovetin 350 deputatından 15 nəfərin sənədin əleyhinə səs verməsi mənim üçün təəccüblü deyildi. Açığı, onların sənədin əleyhinə niyə səs vermələri məni düşündürməyib və heç bilmirəm də onlar kimlərdir.

   - Bəs bu halda referendum keçirilməsi zərurəti nə ilə bağlı idi?

   
- Referendum keçirilməsi vacib idi. Birincisi, ona görə ki, 1991-ci ilin martında SSRİ-nin qalıb-qalmaması haqqında referendum ölkəmizdə "ənənə"lərə uyğun keçirildi və nəticələri də xoşagələn olmadı. Əlbəttə ki, Ali Sovetdə Konstitusiya Aktı qəbul ediləndən sonra çoxları həmin sənədi referendumun nəticələri ilə qarşı-qarşıya qoyurdu. Deyirdilər ki, xalq SSRİ-nin lehinə səs verib, Ali Sovet xalqın iradəsini öz iradəsi ilə əvəzləyə bilməz. Həmin bəhanənin aradan qaldırılması üçün referendum keçirilməsinə lüzum var idi. Bu, həm də ona görə vacib idi ki, İttifaq tərəfindən güc tətbiqinin qarşısının alınması üçün hər hansı formal hüquqi əsas qalmasın.

   - 18 oktyabrın qeyri-iş günü kimi ləğv olunmasını necə qarşıladınız?

   
- Şəxsən mənə görə, 18 oktyabr daha artıq önəmlidir, nəinki başqa bayramlar. Bu günün istirahət günü kimi qeyd olunmasının qarşısının alınması Azərbaycanın müstəqilliyi uğrunda çalışmış adamların fəaliyyətinə, dolayısı ilə Azərbaycanın müstəqilliyinin bərpasına həsr olunmuş mübarizəyə kölgə salır.

   - Yeri gəlmişkən, keçmiş deputat Hacıbaba Əzimov hər il bu günün eyni zamanda istirahət günü olaraq qeyd olunması ilə bağlı müraciətlər etsə də, hələ bir nəticə yoxdur...

   
- O zaman fəaliyyət göstərmiş deputatların hətta pensiya hüquqları tanınmır. Hacıbaba müəllim tet-tez deyir ki, bu, müstəqillik üçün çalışanlara qarşı mütəşəkkil fəaliyyətdir. Onun dedikləri heç də əsassız deyil. Erməni qəsbkarlarına dayaq olan və müəyyən mənada onlar tərəfindən idarə olunan Sovet İttifaqından qopmaq üçün, milli-azadlıq hərəkatında, onun ön sırasında riskli fəaliyyətdə olanlara belə münasibət bəslənməsi əlbəttə ki, bu hakimiyyət qarşısında bir sıra məsələləri qaldırır. Belə məsələlərdə diqqətli olmaq lazımdır. Mən də hesab edirəm ki, 18 oktyabr yenidən həm də istirahət günü kimi qeyd olunmalıdır.

   - Konstitusiya aktı qəbul olunandan sonra ölkədə vəziyyət necə idi. Müstəqilliklə bağlı ikili mövqe yenə də qalırdımı?

   
- Həmin dövr ümid sözü ilə xarakterizə oluna bilər. Müstəqil, firavan gələcəyə çox ümid var idi. Deyə bilmərəm, tam əminlik var idi ki, Azərbaycana təzyiqlər olmayacaq, amma ümidlər hələ çox idi...

   
Bəkir NƏRİMANOĞLU

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow