?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

"Bizim yol" gəzetinə verdiyim müsahibə

"Bizim yol" qəzetinin bugünkü sayında müsahibəm dərc edilmişdir:
http://bizimyol.info/?sehife=1&xeber=6783
Onu vurğulayım ki, ARDNŞ və məhkəmələrin qanunsuz qərar və hərəkətləri nəticəsində dəymiş ziyanın ümumi məbləği hal-hazırda 6 milyon manatdan az deyil və artmaqdadır. Məhkəmə baxışlarında torpağın qaytarılmasını tələb etdiyimizə görə, onun dəyərini (4 milyon 320 min manat) tələb eyməmişik.

Bu da müsahibənin mətni:

Tanınmış hüquqşünas, kinodramaturq Rüstəm İbrahimbəyovun hökumət qurumları ilə məhkəmə çəkişmələrində qanuni nümayəndəsi Fuad Ağayev «Bizim Yol» qəzetinin suallarını cavablandırıb. Vəkil İbrahimbəyovun həm ARNDŞ-la məhkəmə çəkişməsi, həm də Vergilər Nazirlyinin Kinematoqrafçılar ittifaqına qarşı qaldırdığı cinayət işinin təfərrüatları barədə məlumat verib. Müsahibəni təqdim edirik.  

- Fuad bəy, söhbətimizi tanınmış dramaturq Rüstəm İbrahimbəyovun bir neçə il əvvəl ARDNŞ-ə qarşı qaldırdığı iddia ilə başlamaq istərdim. Həmin iddia hazırda hansı mərhələdədir?

- Mən bir il əvvəl bu iş üzrə icraata qoşuldum, ötən ilin yanvar ayının sonunda Səbayel Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərək, Rüstəm müəllimin iddiasını yox, ARDNŞ-nin heç bir qanuna əsaslanmayan iddiasını təmin etdi. Biz həmin qətnamədən apellyasiya şikayəti versək də, o dəyişdirilmədən saxlanıldı. Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyimiz kassasiya şikayətinə Ali Məhkəmənin Mülki Kollegiyası dekabrın 4-də baxsa da, bu günə qədər qərarı ala bilməmişik

- Qərar nədən ibarətdir?

- Bu qərar da əvvəlkiləri dəyişdirmədən saxlayıb. Bu işə yerli məhkəmələrdə yanaşılması, baxılması tərzi, qəbul olunmuş qərarlar onu isbat etdi ki, Azərbaycanda hakimiyyətə yaxın olmayan, müstəqil fikrli insanların mülkiyyəti toxunulandır. Vətəndaş həmin mülkiyyəti hansı tarixdə əldə edib-etməməsindən, neçə dövlət orqanı bu barədə rəsmi sənəd verib-verməməsindən asılı olmayaraq icra hakimiyyətindən tamamilə asılı olan məhkəmələrin əliylə mülkiyyətin ələ keçirilməsini rəsmiləşdirmək olur. Azərbaycanda baş verənləri biz xarici ölkələrlə müqayisə etdikdə, onu görürük ki, insan hüquqları, xüsusilə də mülkiyyət hüquqları sahəsində ölkəmizdəki vəziyyətin pis mənada analoqu yoxdur!!

- Ümumiyyətlə, bu məsələdə ARDNŞ qanunvericiliyi hansı mərhələlərdə pozub?

- İşdə o mülkiyyətdən gedirdi ki, həmin torpaqlara mülkiyyət hüququ hələ 2006-cı ildə rəsmiləşdirilib. Rüstəm İbrahimbəyov və digər iddiaçıların hüquqları bələdiyyənin qərar və sərəncamlarından başqa, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamları və razılıq məktubları, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Ekspertiza Mərkəzinin rəyləri, Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr planları, nəhayət, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi qeydiyyat vəsiqəsiləri, çıxarışları, yəni «kupçalarla» təsdiqlənir. Neçə-neçə dövlət orqanının vermiş olduqları bu rəsmi sənədlər ortalıqdadır və məhkəmələr də bunu bilir! Beləliklə, Rüstəm müəllimin də, başqa iddiaçıların da hüquqları rəsmi dövlət sənədləri ilə təsdiq olunur. 2009-cu ilin noyabrında həmin torpaqları zəbt edən, orada “buruq” quraşdıran, ərazidəki insanları avtobusa dolduraraq, polis bölməsinə aparan ARDNŞ-in heç bir sənədi olmayıb. Şirkətin məhkəməyə təqdim etdiyi yeganə sənəd, əgər bunu sənəd adlandırmaq mümkündürsə, 1962-ci ilin mayında Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin qəbul etdiyi qərardır ki, onun əsasında “Azneft”-in 26 Bakı Komissarı Neft və Qazçıxarma İdarəsinə torpaqlar ayrılmışdı. Başqa heç bir sənəd yoxdur, təsəvvür edin ki, həmin torpaqları 2009-cu ilin noyabrında ARDNŞ zəbt edəndə adını xatırladığım sənəd də onlarda olmayıb. O sənədi şirkət məhkəmə prosesi gedən zaman arxivdən alaraq təqdim etdi. Razılaşın, torpaq sahəsindən istifadə hüququ ARDNŞ-in olsa idi, buna dair müvafiq sənədlər də onun sərəncamında olardı. Biz həmin şirkətin hərəkətlərinin qanunsuzluğunu bütün məhkəmələrdə təkzibedilməz şəkildə isbat etdik. 1962-ci ildən sonra 3 Torpaq Məcəlləsi qüvvəyə minib: 1970, 1991 və 1999-cu illərdə. Təsəvvür edin ki, hər bir Məcəlləyə əsasən torpaqdan istifadə hüquqlarını təsdiq edən sənədin zəruriliyi nəzərdə tutulub - müxtəlif dövrlərdə bu sənəd müxtəlif cür: dövlət aktı, şəhadətnamə, daşınmaz aktın reyestrindən çıxarış adlandırılıb. Əlbəttə ki, ARDNŞ həmin torpaqdan istifadə hüququna malik olsa idi, belə sənədləri, yaxud, heç olmasa bircə sənədi olmalı idi. Lakin məhkəmə baxışında müəyyən olundu ki, onun heç bir (!!!) sənədi yoxdur. ARDNŞ Azərbaycan ərazisində xeyli torpaqdan istifadə edir və buna görə torpaq vergisi də ödəyir. Rüstəm müəllimgilin torpaqlarına görə isə ödəmir! Niyə? Ona görə ki, torpaq ARDNŞ-in deyil! Ancaq məhkəmədə qarşı tərəf heç bir sənəd təqdim edə bilmədi, daha doğrusu dedilər ki, onlarda başqa sənəd yoxdur, yalnız 1962-ci ilin mayının qərarı var. Onu da arxivdən götürüblər

- Ancaq bütün bunlara rəğmən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, həmin ərazidə neft var, ona görə şirkətindir...

- Bilirsiniz, hələ 1999-cu ildə ARDNŞ Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir. Müraciətdə bildirilib ki, Səbayel rayon ərazisində olan torpaqlardan istifadə etmədiyi üçün imtina edir. Həm də göstərilib ki, ərazidəki neft ehtiyatları çox kasaddır və onların adi üsullarla hasilatı sərfəsizdir; əgər nə vaxtsa ehtiyac olarsa, yanakı üsulla çıxarıla bilər. Bu, ARDNŞ-nin sabiq prezidenti Natiq Əliyev də ötən il kütləvi informasiya vasitələrinə verdiyi məlumatlarda da bildirilmişdi. Həmin vaxt, yəni 1999-cu ildə, hazırkı Torpaq Məcəlləsi qüvvəyə minənə qədər Bakı Şəhər İcra Hakimiyyəti həmin torpaqların geri alınması barədə qərar qəbul edib. Bundan başqa, icra hakimiyyətinin bir neçə sərəncamı olub, birinci sərəncam isə sabiq icra başçısı Rəfael Allahverdiyevin dövrünə təsadüf edir. Bu sərəncamlar əsasında Səbayel Bələdiyyəsinə torpaqlar ayrılıb. Amma bunlara baxmayaraq, ARDNŞ rəsmiləri məhkəmədə yenə də torpaqların onların olduğunu dedilər.

- O zaman bütün bunların qarşılığında məhkəmələrin münasibəti necə izah oluna bilər?

- Bu mövqenin onlara olan təzyiqdən başqa izahı yoxdur. Adi insan başqalarının mülkiyyətində olan torpağın özününkü olmasını bildirsə, ona nə deyərlər? Deyərlər, sənədin hanı? Həmin adam yarım əsrdən çox yaşı olan kağızı, heç bir hüquq müəyyən etməyən sənədi ortalığa qoysa, ən yaxşı halda onun bu hərəkətinə istehza ilə yanaşarlar. Burada isə söhbət adi insandan, yaxud şirkətdən getmir, söhbət arxasında ölkənin ən güclü isimləri duran ARDNŞ-dən gedir. Aydın məsələdir ki, biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Azərbaycan məhkəmələri bu cür qərarlarla uzağa getməyəcək və bununla Azərbaycanın nüfuzu qalxmayacaq. Əminəm ki, apellyasiya və ali məhkəmələrdə bu işə baxanlar məsələnin tərkibini kifayət qədər yaxşı dərk edirdilər. Lakin ali icra hakimiyyətindən hiss olunan təzyiqin nəticəsində ədalətli qərara nail ola bilmədik

- Fuad bəy, bu prosesdə Rüstəm müəllimə təxmini nə qədər zərər dəyib?

- Əvvəla biz Səbayel Rayon Məhkəməsinə həm də ərazinin qiymətləndirilməsinə dair müvafiq sənədlər təqdim etmişdik. Bundan əlavə layihələndirməyə, tikinti xərclərinə, torpağın şirkət tərəfindən pisləşdirilməsinə dair dəyən zərərlə bağlı xərclər də sənədləşdirilib. Əgər problemlər yaradılmasaydı, Kino Akademiyasıyla bağlı layihə artıq 2010-cu ildə gerçəkləşdirilə bilərdi. Konkret dəymiş zərərdən danışırıqsa, biz torpağa görə heç nə tələb etmədik, çünki ümid edirdik ki, məhkəmə ədalətli qərar qəbul edəcək, torpağı mülkiyyətçilərə qaytaracaq. Rəsmi qiymətləndirici rəyinə əsasən, zəbt edilmiş sahələrin ümumi bazar dəyəri 4 milyon 320 min manatdır. Bundan başqa, dəyən ziyanın məbləği 1 milyondan çoxdur və arta-arta gedir. İkincisi, məhkəmə iclaslarında konkret sübutlarla, müqavilələrlə müəyyən olundu ki, layihəni gerçəkləşdirməkdən ötrü Rüstəm müəllim və digər iddiaçılar öz mülkiyyətlərində olan əmlaklarını dəyişdiriblər. Məsələn, Rüstəm müəllim 2009-cu ildə öz mülkiyyətində olan, Nərimanov heykəlinin yaxınlığında yerləşən çox gözəl binada sahəsi 230 kvadrat metrlik 4 otaqlı mənzilini 6 sotluq torpaq sahəsinə dəyişdirib. Notarial qaydada təsdiqlənimiş müqaviləyə əsasən həmin mənzilin qiyməti 300.000 manat olub! Amma məhkəmələr qarşı tərəfi işə cəlb etmədən bu müqaviləni etibarsız hesab etdi. Bu, ağlasığmayan bir hadisədir, məhkəmənin yanaşmasından belə çıxır ki, həmin torpaq sahəsi Rüstəm müəllimdən alınmalı və 300 min manatlıq mənzil müqabilində də ona heç nə ödənməməlidir. Hesab edirəm ki, bu yanaşma sifarişçilərin ifrat qərəzlilikdən və məhkəmələrin naşılığından başqa bir şey deyil və bağışlanmazdır

- İddialarınızın Avropa Məhkəməsində perspektivini necə görürsünüz?
- Çox yaxşı

- Rüstəm İbrahimbəyovla son hadisə Vergilər Nazirliyinin Kinematoqrafçılar İttifaqında başladığı yoxlamalardır, doğrudanmı, vergidən yayınma halları baş verib?

- Əlbəttə, Vergilər Nazirliyi yoxlamalar keçirə bilər, ancaq faktlar gərək təhrif olunmasın. Vergilər Nazirliyi mətbuatda bildirib ki, yoxlama 2012-ci ilin ortalarından başlayıb, bu, həqiqətə uyğun deyil. Yoxlama barədə qərar ötən ilin noyabrın 5-də qəbul olunsa da, 15 gün sonra, yəni 20 noyabrda başlayıb. Razılaşın ki, ilin 11-ci ayı olan noyabrı, özü də ki, onun sonunu heç cür ilin ortası adlandırıla bilməz. Başqa tərəfdən, nazirliyin rəsmiləri bildirirlər ki, bu, 2009-cu ildən 2012-ci ilə qədər 3 ili əhatə edir - doğru deyil, çünki 3 yox, 4 ili əhatə edir. 2012-dən 2009 çıxılsaydı, 3 olardı. Lakin burada söhbət illərin fərqindən getmir! Gəlin sayaq, 2009 - 1, 2010 - 2, 2011 - 3 və 2012-ci il - 4, 4 il oldu. Əgər noyabr və dekabrda yoxlama keçirilirdisə, heç cür bu yoxlama 2009-cu ilin noyabrından əvvəlki müddəti əhatə edə bilməzdi. Ona görə ki, Vergi Məcəlləsinin 36.3 maddəsi bunu qadağan edir, nazirliyin rəsmiləri də bildirib ki, bu yoxlama 3 ildən artıq müddəti əhatə edə bilməz, ancaq buna rəğmən ediblər. Düşünürəm ki, tərtib etdikləri vergi aktı mütləq məhkəmə qaydasıyla mübahisələndirilməlidir. Əsas bu məqam deyil

- Rəqəmləri deyə bilərsinizmi

- Əlavə dəyər vergisinə görə 9 min 800 manat 65 qəpik, ödəmə mənbəyində tutulan vergiyə görə 2444 manat 80 qəpik. Nisbətən az miqdarda maliyyə sanksiyaları da var. Vergilərin ümumi məbləği təxminən 12 min civarındadır. Vergilər 2009-cu ilin sentyabrına görə hesablanıb! O ki, qaldı vergi ödəməkdən yayınmaya, bu barədə, yəni Cinayət Məcəlləsinin 213.1 maddəsindən o zaman danışmaq olardı ki, burada qəsdən, məqsədli şəkildə vergilər gizlədilsin. Yoxlama materiallarından da məqsədli edildiyi nəticəsi çıxmır, sadəcə, hesablamalarda müvafiq yanlışlıqlar olub, hətta belə olubsa. Əsas məsələ odur ki, nazirliyin İstintaq Departamenti Lalə Əfəndiyevaya vergi ödəməkdən yayınmaya görə ittiham irəli sürməyib, verilmiş ittiham mənimsəmədir. Bu isə ağlasığmayan bir şeydir. Düşünürəm ki, həmin departamentin rəhbərləri və müstəntiq buna görə, ən azı utanırlar. Ancaq utanmaqla iş düzəlməz - heç olmasa, sifarişçilərə izah edilməli idi ki, bu dərəcədə qanunsuzluq hətta qeyri-hüquqi dövlət olan Azərbaycan üçün də yolverilməzdir

- İttihamda nə deyilir

- Lalə xanım Əfəndiyeva onda ittiham olunur ki, guya o, XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının 2009-cu ildə keçirilməsi üçün səlahiyyətli nümayəndə olaraq, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə “Tikinti-Quraşdırma TŞ” MMC ilə müqavilə, razılaşma protokolu imzalayıb, 10 gün ərzində nəqliyyat xidmətləri göstərilməsi haqqında akt tərtib edib, 22 min manat pul vəsaitini mənimsəyib. Yəni istintaq orqanı deyir ki, əslində xidmətlər göstərilməmişdir.

- Bəs həqiqət nədən ibarətdir?

- Həqiqət bundadır ki, festivalın 120 əcnəbi qonağı olub ki, onlara 8 mikroavtobus, 9 sərnişin avtomobili (6 “Mercedes”, 2 “Cip”, 1 “Linkoln”) 10 gün ərzində nəqliyyat xidmətləri göstərib!!! Bu faktdır və təkzibedilməz sübutlarla, o cümlədən videomateriallarla sübuta yetirilir

- O zaman istintaq nəyə əsasən bu cür ittiham irəli sürüb?

- Onların belə ittiham vermək üçün heç bir qanuni əsasları olmayıb. Ona istinad ediblər ki, “Tikinti-Quraşdırma TŞ” MMC-nin mülkiyyətçisi onlar tərəfindən həbs edilib və o, deyir ki, həmin şirkətin T.Əliyev adlı direktoru olmayıb. Yəni konkret sənədlər: “Tikinti-Quraşdırma TŞ” MMC-nin möhürü qoyulmuş sənədlər - müqavilə, qiymətlərin razılaşdırılması protokolu, avtomaşınların icarəyə verilməsi aktı, hesab-faktura, mədaxil xəzinə orderi qalıb kənarda, Vergilər Nazirliyindən tam asılı vəziyyətdə olan adam vasitəsilə ittiham verdirirlər

- Həmin sənədlər “Tikinti-Quraşdırma TŞ” MMC tərəfindən təsdiq edilmişdirmi?

- Əlbəttə, bayaq söylədiyim kimi, sənədlərin hamısında həmin şirkətin möhürü qoyulub. Mədaxil xəzinə orderi, hesab-faktura isə “Tikinti-Quraşdırma TŞ” MMC-nin rəsmi sənədləridir, özü də ki, ciddi hesabat blanklarında!!! Nəqliyyat xidmətləri göstərilib, konkret maşınların dövlət nömrə nişanları da var, videoyazılar da var!!! Daha nə istəyirlər? Bəlkə istəyirlər ki, festivalın qonaqları olmuş 120 nəfər də gəlib ifadə versinlər ki, onlar 10 gün Bakını piyada dolaşmayıb? O ki qaldı T.Əliyev adlı adamın direktor olub-olmamasına, bu həmin şirkətin problemidir. Əgər şirkətin möhürü, ciddi hesabat blankları o adamın sərəncamında idisə, kim və hansı səbəbdən onun şəxsiyyətini şübhə altına almalı idi? Lalə xanımı narahat edən qonaqlara nəqliyyat xidmətləri idi ki, onlar da göstərilib! Vəssalam

- Ancaq nazirlik bəyan edir ki, Lalə Əfəndiyeva təqsirsizliyini sübut etməlidir.

- Bu yanaşma artıq onu göstərir ki, Azərbaycanı ötən əsrin 37-38-ci illərinə qaytarmaq istəyənlər var. Nazirliyin yanaşması Konstitusiya ilə müəyyən edilmiş təqsirsizlik prezumpsiyasına deyil, təqsirlilik prezumpsiyasına əsaslanır ki, bu da inkvizisiya prosesinin başlıca əlamətidir! Buna baxmayaraq, Lalə xanım artıq sürücülərin də bir neçəsini tapa bilib.

- Ümumiyyətlə, nazirliyin belə davranışı nə ilə bağlı ola bilər?

- Bunu nazir özü bilər. Mənim üçün başlıcası odur ki, bu adamlar bütün qanunvericiliyi elə şəkildə yozurlar ki, bütün Azərbaycan əhalisi vahimə içərisində yaşamalı olsun. Üzr istəyirəm, axı mənimsəmə cinayətinin əlamətləri var! Hansı əsasla on illər boyu formalaşmış anlayışları tərsinə yozurlar? Məgər bilmirlər ki, mənimsəmə talamanın bir növü olaraq tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, özgəsinin əmlakını onun mülkiyyətçisinə ziyan vurmaqla götürmə və özünün xeyrinə keçirmədir? Müqavilə var? - Var! Bu o deməkdir ki, hüquqa zidd əməl yoxdur! 22 min manat əvəzsiz olaraq götürülüb? - Xeyr! Onun müqabilində nəqliyyat xidmətləri göstərilib? Kiməsə ziyan dəyib? Xeyr! Heç kəsə ziyan dəyməyib! Bu biabırçılığa son qoyulmalıdır!

Natiq CAVADLI

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow