?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

"Bizim yol" qəzetinə verdiyim müsahibə

http://bizimyol.info/?sehife=1&xeber=13943
Qəzetimizin son saylarında tanınmış hüquqşünaslar, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli və Adil İsmayılovun müsahibələri Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovla yaranan durum haqqında ciddi sualları meydana çıxartdı. Bu sualları cavablandırmaq üçün redaksiyamızla əlaqə saxlayan Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev qarşı tərəfdəki həmkarlarıyla razılaşmadığını və günün aktual suallarına aydınlıq gətirmək istədiyini bildirdi.

- Fuad bəy, tanınmış hüquqşünaslar Qulamhüseyn Əlibəylinin və Adil İsmayılov Konstitutsiyanın 100-cü maddəsinə əsaslanaraq Rüstəm İbrahimbəyovun namizəd olmasını qeyri-mümkün hesab edir. Siz bu barədə nə düşünürsünüz?

- Bilirsiniz, başqa vaxt olsa idi həmkarlarımın, özü də hörmətlə yanaşdığım həmkarlarımın fikirlərini şərh etməzdim, ancaq onlar kobud səhvlərə yol verdiklərindən bunu etmək məcburiyyətindəyəm. Adlarını çəkdiyiniz hüquqşünaslar əvvəl Konstitusiyanın 100-cü maddəsinə istinad edir, sonra da buradan belə bir yanlış nəticə çıxarırlar ki, guya həmin müddəaya əsasən Rüstəm müəllimin namizədliyi irəli sürülə bilməz.

- Məgər 100-cü maddə bunu yasaqlamır?

- Sualınızı cavablandırmaq üçün, gəlin həmin maddədə yazılanlara bir daha diqqət yetirək və bundan sonra hüquq normalarının təfsiri metodlarına, məntiq qaydalarına uyğun olaraq həmin müddəanın izahını verim. Maddədə göstərilmişdir ki, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Bu o deməkdir ki, ikili vətəndaşlığı olan şəxs Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz. Ancaq buradan qətiyyən o nəticə çıxmır ki, hətta ikili vətəndaşlığı olan şəxsin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülə bilməz.

- “İrəli sürülmə” və “seçilmə” anlayışları məgər eyni mənanı vermirlərmi?

- Bu iki anlayışı eyniləşdirmək məntiqin əsas qanunlarından biri olan eynilik qanununu pozmaqdan savayı bir şey deyildir. Əgər namizədliyin irəli sürulməsi vətəndaşın adının avtomatik olaraq seçki bülleteninə salınmasına, yəni seçilə bilməsinə gətirib çıxarsa idi, ayrı məsələ. Lakin seçilə bilmək üçün müəyyən mərhələlər keçilməlidir: 1) Namizədliyin irəli sürülməsi; 2) Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi barədə Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı; 3) İmzaların toplanması və başqa zəruri sənədlərin hazırlanması; 4) Namizədin qeydə alınması; 5) Namizədlərin adlarının seçki bülleteninə salınması. İlk üç mərhələ irəli sürülmüş şəxsə hələ əsas vermir ki, o, seçilə bilsin. Namizədin irəli sürülməsinin təsdiq edilməsi haqqında MSK-nın qərarı yalnız namizədin müdafiəsi üçün imzalar toplanılması, onun qeydə alınması üçün başqa sənədlərin hazırlanması hüquqları verir. Seçki Məcəlləsinin 53.3., yaxud 54.8. maddələrinə əsasən bu mərhələdə prezidentliyə iddialı şəxsdən xarici ölkə vətəndaşlığının olub-olmamasını göstərməsi, sadəcə, bu barədə məlumat tələb olunur. MSK bununla bağlı yalnız o zaman imtina qərarı verə bilər ki, həmin məlumat düzgün olmasın, yəni, namizədliyi irəli sürülmüş şəxs başqa dövlətin vətəndaşı olması barədə məlumatı gizlətsin. Şərti böldüyümüz mərhələlərin üçüncüsündə azı 40 min seçicinin imzalarının toplanılması və başqa zəruri sənədlərin hazırlanması həyata keçirilir. Bundan sonra imza vərəqələri; namizəd haqqında təqdim edilmiş məlumatlarda, o cümlədən ikili vətəndaşlıqla bağlı məlumatlarda dəyişikliklər barədə bildiriş; namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat; mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat; namizədin ilkin maliyyə hesabatı MSK-na təqdim edilməlidir. Bax, məhz bu mərhələdə prezidentliyə iddialı şəxsin ikili vətəndaşlığı qalırsa, onun namizədliyinin qeydə alınmasından imtina olunmalıdır. Yəni MSK məhz bu zaman, beşinci mərhələdə vətəndaşın seçilə bilməməsi, yəni onun namizədliyinin qeydə alınmasından imtina haqqında qərar verə bilər.

- Xatırlayısnızsa, qəzetimizin 20 iyun tarixinə açıqlamanızda İbrahimbəyovun namizəd irəli sürülməsində heç bir problemin olmayacağını demişdiniz. Bildirmişdiniz ki, Rüstəm İbrahimbəyovun başqa dövlətin vətəndaşı olub-olmaması namizədliyi qeydə alınanda məlum olacaq: “Əminəm ki, istər MSK-da əyləşənləri, istərsə də bu barədə yalan informasiyalar yayanlari namizədlik irəli sürüləndə yaranacaq real vəziyyət qane etməyəcək. İlk növbədə, hakimiyyəti və iqtidarı aşkar-gizli dəstəkləyənləri nəzərdə tuturam”. Ancaq yaranan situasiya Sizin düşündüyünüzün əksini göstərdi, belə deyilmi?

- Mənim söylədiklərim Konstitusiyaya əsaslanırdı və əsaslanır. Başqalarının mövcud olmayan problemlərdən danışması vəziyyəti dəyişmir. Həmin fikirdə qalıram. Milli Şurada Rüstəm müəllimin prezidentliyə vahid namizədliyi barədə qərar qəbul edildikdən dərhal sonra o, Rusiya Federasiyasının vətəndaşlığından çıxma barədə rəsmi ərizə vermiş, həmin ərizəyə adıçəkilən dövlət qarşısında hər hansı öhdəliyi olmaması barədə sənədləri əlavə etmişdir. Şübhə etmirəm ki, onun bu hərəkətləri iqtidarın özünü və iqtidarpərəstləri möhkəm pərt etmişdir.

- Mən Rüstəm müəllimin Azərbaycana qayıtması barədə fikirlərə münasibətinizi bilmək istərdim. Məsələn, həmkarınız Adil İsmayılov deyir: “Rüstəm İbrahimbəyovun müsahibələri belə deməyə əsas verir ki, o, nə seçkidə iştirak etmək istəyir, nə də Azərbaycana qayıtmaq”. Siz Adil müəllimin onun Azərbaycana qayıdıb səfirlik vasitəsilə işlərini tənzimləyə biləcəyi haqqında dediklərini də əsaslı sayırsınızmı?

- Bilirsiniz, Adil müəllimi biz peşəkar hüquqşünas kimi tanıyırıq, ancaq buradan heç də elə nəticə çıxmır ki, o konstitusiya hüququ sahəsində, özü də ki, təkcə Azərbaycanın deyil, Rusiya Federasiyasının da konstitusiya sahəsində mütəxəssisdir. Əksinə, onun söylədikləri bunun tam əksini təsbit edir. O ki qaldı, Rüstəm müəllimin seçkidə iştirak etmək, Azərbaycana qayıtmaq istəyinin olmaması barədə mülahizələrə, bu fikirlərin hüquqa heç bir dəxli yoxdur. Belə fikirlər bütövlükdə Milli Şura, xüsusilə də onun vahid namizədinə əleyhinə aparılan iqtidar kampaniyasının məqsədləri ilə üst-üstə düşür. Bilirsiniz ki, Adil müəllim Xədicə İsmayıl və Elşad Abdullayevin nümayəndəsidir. Sonuncu dəfə Xədicə xanıma qarşı bir il yarım əvvəl törədilmiş cinayət barədə o nə zaman danışıb? Hansı səbəbdən Elşad Abdullayevin nümayəndəsi kimi fəallıq göstərmir? Yəni ona nə düşüb ki, birbaşa ona aid olan işlər qalıb kənarda, heç bir aidiyyəti olmadığı bir prosesdən danışır?

- Sizə elə gəlmir ki, Rüstəm müəllimin “Bakıya gəlməyimin nə xeyri var” kimi açıqlamaları da ictimaiyyətdə məyusluq yaradır?

- Rüstəm müəllimin ayrı-ayrı fikirlərinin kontekstdən qoparılmış şəkildə şərh etməyə lüzum yoxdur. Bir şey aşkardır: hazırda onun Rusiya Federasiyasında olması daha vacibdir.

- Məgər, Siz Rüstəm İbrahimbəyovun vəkili kimi bilmirdinizmi ki, o, həm də Rusiya vətəndaşıdır?

- Birincisi, mən Rüstəm müəllimin vəkili kimi bilirdim və bilirəm ki, o, Azərbaycan Respublikasının vətəndaşıdır. Onun həm də Rusiya Federasiyası vətəndaşı olmasını dəqiqliyi ilə haradasa iyun ayında bilmişəm. Elə o vaxtlar Milli Şura üzvlərinin əksəriyyəti də bu barədə biliblər.

- Bəs nə üçün zamanında cəmiyyətə məlumat vermədiniz?

- Azərbaycanda eyni zamanda başqa dövlətlərin vətəndaşı olan bəlkə yüz minlərlə insan var. Niyə bu barədə elan verilməli idi? Əgər Konstitusiyanın 100-cü maddəsində ikili vətəndaşlıqla bağlı maneəni nəzərdə tutursunuzsa, yalnız iyunda Rüstəm müəllim müxalifətin aparıcı təşkilatlarını təmsil edən şəxslərin təkliflərini - yəni məhz onun namizədliyinin ayrı-ayrı qüvvələr üçün vahid ola biləcəyi, məhz onun prezident seçkilərində xalqın mütləq əksəriyyətinin arxasınca aparacağı və dəstəyinə nail ola biləcəyi barədə təkidli təkliflərindən sonra prezidentliyə namizəd verilməsinə razılaşdı. Həmin vaxta qədər Rüstəm müəllim belə təklifləri qətiyyətlə rədd edirdi. Rüstəm müəllimin Milli Şuranın vahid namizədi olması barədə qərar iyulun 2-də qəbul edildikdən dərhal sonra o, Rusiya Federasiyasının qarşısında heç bir öhdəliyi olmaması barədə sənədlərlə birgə həmin ölkənin vətəndaşlığından çıxması barədə ərizə vermişdir. Yəni burada onun tərəfindən hansısa ləngimə baş verməsindən danışmaq düzgün deyildir.

- Rusiya Federasiyası Rüstəm müəllimin xahişini təmin etməsə, nə edəcəksiniz?

- Birincisi, “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə əsasən xarici dövlətin (yəni Rusiya üçün xarici olan dövlətin, məsələn, Azərbaycanın) ərazisində yaşayan şəxsin Rusiya Federasiyasının vətəndaşlığından çıxması sadələşdirilmiş qaydada, həmin şəxsin iradəsinin könüllü ifadəsi əsasında həyata keçirilir. İkincisi, həmin qanunun 20-ci maddəsinə görə, vətəndaşlıqdan çıxmaya yalnız o zaman yol verilmir ki, a) onun Rusiya Federasiyası qarşısında yerinə yetirilməmiş öhdəliyi olsun; b) o, Rusiya Federasiyasının səlahiyyəti orqanları tərəfindən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilsin, yaxud da, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş icra edilməli hökmü olsun; c) başqa dövlətin vətəndaşlığı və belə vətəndaşlığın əldə edilməsi təminatları olmasın . Bu maneələrdən heç də biri Rüstəm müəllimə münasibətdə mövcud deyildir. Əvvəla, bayaq söylədiyim kimi, onun Rusiya Federasiyasının qarşısında hər hansı öhdəliyinin olmaması barədə bütün müvafiq sənədlər təqdim edilmişdir. Nə vergi, nə qeydiyyat, nə də ki, başqa öhdəlikləri yoxdur. O hətta məşhur VQİK-in - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun professoru vəzifəsindən də istefa vermişdir. Razılaşın ki, yaradıcı insan üçün öz milləti naminə xırda qurban deyil! Aydındır ki, «B» bəndindəki maneə də yoxdur - Rüstəm müəllim heç zaman cinayət məsuliyyətinə cəlb edilməmişdir. Üçüncü maneə o zaman ola bilərdi ki, o, məsələn, Azərbaycanın vətəndaşı olmasın. Buna görə də, Rüstəm müəllimin ərizəsinin təmin ediləcəyi şübhə doğurmur.

- Həmin qərar geciksə, necə olacaq? Deyilənə görə, o, ərizə veriləndən bir il sonra qəbul olunur.

- Xeyr. Adıçəkilən qanunla iki cür müddət müəyyən edilmişdir: a) bir il ərzində; b) yarım il ərzində. Rüstəm müəllimin müraciəti ikinci qrupa aiddir. Ancaq bu heç də o demək deyildir ki, onun ərizəsinə altı aydan sonra baxılacaqdır. Ümumiyyətlə bu cür qərarlar, sadə dillə desək 1 gündən yarım ilə qədər müddətdə mütləq qəbul olunmalıdır. Vətəndaşlıq vəziyyəti mürəkkəb olan şəxslərin, məsələn, başqa ölkələrin vətəndaşı olmayanların, hərbi mükəlləfiyyətləri olan və s. şəxslərin ərizələrinə bir neçə aya baxıla bilər. Rüstəm müəllimin ərizəsi isə o kateqoriyadandır ki, araşdırma üçün uzun müddət tələb etmir. Əksinə, indiyə qədər onun təmin olunmaması, kimin haranın layihəsi olduğu məsələsinə aydınlıq gətirir.

- Fuad bəy, nəhayət, son sual, bir qədər bundan əvvəl saytların birində iddia olunur ki, Sizə yaxın olan vəkillər bildiriblər ki, Akif Muradverdiyev istintaqa etirafedici ifadələr verib, konkret olaraq, özünün Moskvaya səfərlərindən, görüş və məsləhətləşmələrindən, 2003-cü ilin oktyabrındakı kimi kütləvi iğtişaşların təşkili barədə söhbətlərdən danışıb. Və o, hakimiyyətə qarşı qiyamda təqsirlən dirilir. Guya, Siz bu barədə vəkil dostlarınıza demisiniz, bu barədə nə deyə bilərsiniz?

- Mən Sizə tövsiyə edirəm ki, şayiələrə inanmayasınız. Əgər müəllif mənimlə söhbət etmiş vəkillərə istinad edirdisə, hanı onların adları? Niyə onların adları çəkilmir? Harada görünüb ki, ilkin mənbənin adı çəkilsin, törəmə mənbələr isə anonim saxlanılsın? Mən deyə bilərəm niyə, çünki belə vəkillər yoxdur! İkincisi, əgər ilkin mənbə kimi mən göstərilmişəmsə, niyə məndən soruşmamışlar ki, bunlar həqiqətə uyğundur, yoxsa yox. Halbuki mənim telefonum məqalə müəlliflərinə yaxşı məlumdur. Başlıcası isə mən olmayan şeyləri necə deyə bilərdim? Akif müəllimə Cinayət Məcəlləsinin 206.1. maddəsinə ittiham verilmişdir ki, guya o, Çar Rusiyasının 40 ədəd onluq qızıl sikkələrini Rusiyaya qaçaqmalçılıq yolu ilə aparmaq istəyib. Həmin ittihamı o qətiyyətlə rədd edib, indi də o mövqedədir. Ona heç vaxt başqa ittiham verilməmişdir! Özü də ki, həmin ittihamın əsassızlığını biz uğurla sübuta yetiririk və yetirəcəyik. Belə məlumatın yayılması yalnız onu göstərir ki, A.Muradverdiyevin həbsi siyasi xarakter daşıyır.

Natiq CAVADLI

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow