?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Keçən ilin martında Konstitusiyaya dəyişikliklər adı altında keçirilməli olan referendumdan bir ay əvvəl mən Referendum Aktı layihəsinə dair hüquqi rəy vermiş, təklif edilən düzəlişlərin əhəmiyyətli hissəsinin cəmiyyət üçün təhlükəli olduğunu, bununla bağlı açıq müzakirələrin zəruriliyini vurğulamış, iqtidar nümayəndələrini diskussiyaya dəvət etmişdim. Turan İnformasiya Agentliyinin, Mediaforum və HMC saytlarında yerləşdirilmiş Rəy cəmiyyətdə geniş dəstək alsa da, hakimiyyət son illərdə olduğu kimi dialoqdan yayınmışdı.

Referendum Aktının ən təhlükəli müddəalarından biri isə Konstitusiyanın 32-ci maddəsinin 3-cü hissəsinə edilmiş düzəlişdir: «Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və fotoçəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz».

 Həmin düzəlişlə bağlı Rəydə yazdığım bəzi fikirləri xatırlatmaq istəyirəm: 

«3-cü hissəyə təklif edilən dəyişiklik isə, ümumiyyətlə, maddənin predmetindən kənara çıxır. İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsində (Şəxsi və ailə həyatına hörmət hüququ) göstərilmişdir:

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

Həmin maddənin tətbiqi sahəsində geniş təcrübəyə malik Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsindən görünür ki, şəxsi həyat və ailə həyatı qeyri-müəyyən həcmli anlayışlar deyillər, bu anlayışlara ər-arvad, valideyn və uşaqlar arasındakı münasibətlər, o cümlədən, uşaqlığa götürənlərlə uşaqlığa götürülənlər arasındakı və s. bu kimi münasibətlər daxildir.

Layihə müəlliflərinin verdikləri təklifə görə isə heç kəsin razılığı olmadan onun hətta fotoşəkili çəkilə bilməz. Belə çıxır ki, kimsə öz evindən kənarda cinayət törədən zaman yaxınlıqda olan şəxs əməli və əməli törədəni çəkmək istəsə, ondan icazə almalıdır ki, məsələn, vətəndaş oğru, şəklinizin çəkilməsinə etiraz etmirsinizmi? Yaxud, hansısa vəzifəli şəxs ictimai yerdə özünü nalayiq apardığı zaman onun hərəkətlərinin videoçəkilişi aparılmışdırsa, belə videoçəkilişi aparan şəxs özü cəzalandırıla bilər, çəkiliş materialları isə, ümumiyyətlə, sübut kimi qəbul edilməz – çünki qanunu, özü də ki, Konstitusiyanı pozmaqla əldə edilmişdir.

Daha bir misal, vətəndaş verdiyi borca görə borclunun yanına gəlir, borcluya etibar etməyərək, hər ehtimala qarşı onunla söhbəti diktofona yazır. Söhbətdən sonra borclu yanına gələn vətəndaşı şərləyərək, polisə müraciət edir ki, vətəndaş hədə-qorxu ilə ondan pul tələb etmişdir. Vətəndaş polis idarəsində diktofon yazısını təqdim edir ki, həmin yazıdan borclunun əslində dələduz olması tam aydındır. Lakin, polis Konstitusiyanın 32-ci maddəsinə istinad edərək, vətəndaşın borclunun səsini qanunsuz yazmasını bildirir və həmin yazı materialını qəbul etməkdən imtina edir. Əvəzində, vətəndaşın əleyhinə dələduz borclu ilə yanaşı 3 şahid də ifadə verir – nəticədə vətəndaş bu layihə müəlliflərinin fəaliyyəti nəticəsində uzun müddətə azadlıqdan məhrum edilir.

Daha bir misal. Məktəb direktoru müəllim heyəti və digər işçilərlə iclas keçirərək, orada bildirir ki, nazirlikdən alınmış tapşırığa əsasən məktəbdə yerləşən məntəqələrdə seçki komissiyalarında olan müəllimlər nəyin bahasına olursa-olsun referendum nəticəsində Konstitusiyaya dəyişikliklər layihəsinə lehinə seçicilərin 95 faizinin səs verdiyi barədə komissiyanın protokolunu tərtib etməli, bu məqsədlə seçki qutularına topa-topa bülleten atmalıdırlar. Belə tədbirin nə videoyazısı qanuni sayılacaq, nə audioyazısı.

Supermarketlərdə, banklarda yerləşdirilən videokameraların həyata keçirdikləri videoyazılar da qanundan kənar qoyulur.

İstisna etmirik ki, belə düzəlişdən ruhlanan bəzi şəxslər yaxınlıqda cib telefonu ilə danışan şəxslərə qarşı əsassız olaraq «Niyə mənim razılığım olmadan şəklimi çəkirsən?» sözləri ilə hücum da edə bilərlər.

Beləliklə, 32-ci maddənin 3-cü hissəsinə təklif edilən dəyişiklik, birincisi, maddənin predmetindən kənara çıxır – şəxsi və ailə həyatına aid olmayan hallara qadağa qoyur, ikincisi, Konstitusiyanın 50 (məlumat azadlığı), 63 (təqsirsizlik prezumpsiyası) və başqa maddələrini Konstitusiyanın 155-ci maddəsinə zidd olaraq məhdudlaşdırır, üçüncüsü, Konstitusiyanın 12-ci maddəsinin insan hüquq və azadlıqlarının Azərbaycanın iştirakçısı olduğu beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi barədə tələbini pozur, qəbul edildiyi halda kütləvi hüquq pozuntularına səbəb ola bilər.

Doğrudur, layihəni təqdim edənlər ona istinad edirlər ki, qanunla müəyyən ediləcək ki, hansı hallarda insanın xəbəri olmadan və ya etirazına baxmadan o, izlənilə bilər, video və foto çəkilişinə, səs yazısına və digər buk imi hərəkətlərə məruz qala bilər. Bəli, belə qanunlar var: Məsələn, Cinayət Prosessual Məcəlləsi, «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Qanunu. Lakin həmin qanunların nə adi vətəndaşlara, nə də ki, hətta jurnalistlərə heç bir aidiyyatı yoxdur, təklif edilən əlavə əsasında onlara kütləvi iğtişaşlar törədən provokatorların şəkillərini çəkmək belə qadağan olunur. Ümumiyyətlə, Konstitusiyanın maddəsində ümumi şəkildə ifadə edilmiş qadağanın olması və bu qadağadan istisnaların müəyyən edilməsi səlahiyyətinin Milli Məclisə verilməsi ağlasığmaz bir şeydir».

Beləliklə, əfsuslar olsun ki, bizim əndişələrimiz özünü doğrultdu. Özü də ki, mümkün ola biləcək ən pis şəkildə.

Milli Məclisin komitə sədri APA-ya verdiyi müsahibəsində faktiki olaraq, Konstitusiyanın cümləsinin qanunlara köçürülməsini bildirmişdir. Məsələyə bir daha aydınlıq gətirmək üçün gəlin yenidən həmin cümləyə baxaq: «Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və fotoçəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.»

Fikir veriniz, cümlə «qanunla müəyyən edilmiş hallar istisna olmaqla» ifadəsindən başlayır. Yəni istər “Məlumat azadlığı haqqında”, istər “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, istər “Kütləvi informasiya vasitələri haqqında”, istər “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” və istərsə də “İnformasiya əldə etmək haqqında” Qanunlarda belə halların dairəsini xeyli dərəcədə genişləndirmək olardı. Məsələn, ictimai yerlərdə baş verən hadisələrin, ağır cinayətlərin, məlumat azadlığının və s. təmin olunmasına yönəlmiş bir sıra hallar ümumiləşdirilmiş şəkildə sadalana bilərdi. Ancaq, buna cəhd belə göstərilməmişdir! Bu qanunlara əsasən banklarda, bankomatlarda, supermarketlərdə, hətta dövlət orqanlarında quraşdırılmış videokameralardan istifadə etmək də faktiki yasaqlanır.

Fikrimcə, bu Qanunlar imzalanaraq qüvvəyə minəcəyi təqdirdə, ölkəmizdə polis diktaturasının formalaşması prosesi son mərhələyə daxil olacaq.

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow