?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

«Qış Bulvarı» - mövzuya qayıdış

Şəmsi Bədəlbəyli və Fizuli küçələrində, daha dəqiq desək, Bakı şəhəri icra hakimiyyətinin «Qış Bulvarı» tikilməsi planlaşdırılan ərazidə, evlərin sökülməsi ilə bağlı mülkiyyətçilər haqlı narazılıqlarını ifadə etməkdə davam edir.

Bununla bağlı mənə müraciət edilmişdir ki, göstərilən ərazidə olan mədəniyyət və tarix abidələri sayılan evlərin sökülməsinin qanunvericiliyə uyğun olub-olmasına dair fikrimi söyləyim. Xüsusi olaraq belə bir məlumat nəzərimə çatdırılmışdır ki,  «Terentyevin evi» adı abidə artıq sökülmüşdür və yaxın günlərdə Ş.Bədəlbəyli küçəsi, 21 ünvanındakı evin sökülməsi gözlənilir.

Ondan başlayım ki, adı çəkilən ərazidə yerləşən evlərin, onların mədəniyyət abidələri sayılıb-sayılmamasından asılı olmayaraq, məcburi qaydada satın alınması və sökülməsi üçün hüquqi əsas yoxdur. Bu barədə mən kütləvi informasiya vasitələrinə dəfələrlə öz fikrimi söyləmişəm və bloqumda da münasibətimi bildirmişəm (http://fuad-agayev.livejournal.com/2619.html ). İqtidarın sökdürmək niyyətində olduğu bu evlər yalnız və yalnız mülkiyyətçilərin sərbəst ifadə edilmiş iradəsi əsasında satın alına bilər. Mülkiyyətçilərdən başqa heç kəs onların evlərinin, mənzillərinin qiymətini müəyyən edə bilməz. Heç bir qiymətləndirmə aktı sərbəst şəkildə bağlanılmış alqı-satqı müqaviləsini əvəz edə bilməz. Bu fikir Konstitusiyadan, ölkəmizin qanunlarından irəli gəlir. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyası, ilk növbədə, onun 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyətçilərə, onlar öz problemlərinin həllini Azərbaycanda tapmazsa, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM-ə) müraciət etmək hüququ verir.

Əmin ola bilərsiniz, AİHM-də bununla bağlı ərizələrin müsbət həlli perspektivi çox ciddidir. Bir şərtlə ki, həmvətənlərimiz işlərini başlı-başına buraxmasın, Azərbaycan məhkəmələri qarşısında öz hüquqlarının müdafiəsindən imtina etməsinlər. Əksinə, onlar öz maraqlarını savad və qətiyyətlə qorumaq iqtidarında olsunlar.

Sualın məğzinə keçim. Tarix və mədəniyyət abidəsi sayılan evlər sökülə bilməzlər. Hətta dövlət tərəfindən satın alınmış olsalar belə. Bu nəticə bilavasitə «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında»  Azərbaycan Respublikası Qanunundan irəli gəlir:

Maddə 4: «…Özəlləşdirilmiş yaşayış binalarının və onların ayrı-ayrı hissələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etmək qadağandır

Maddə 10: «Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır

İndi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında» 02 avqust 2001-ci il tarixli 132 saylı Qərarına müraciət edək və baxaq görək, Ş.Bədəlbəyli küçəsi, 21 ünvanındakı ev tarix və mədəniyyət abidəsi sayıla bilərmi. Baxıb görürük ki, həmin ev Qərar ilə təsdiq edilmiş 3 saylı Əlavədə 2959 inventar nömrəsi ilə öz əksini tapmışdır. Qanuna əsasən bu evin sökülməsi, hətta onun mülkiyyətçisinin razılığı olduqda belə, qadağandır!

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow