?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Müzakirənizə təqdim etdiyim «Azərbaycan Respublikasının keçmiş prezidentlərinə və onların ailə üzvlərinə təminat verilməsi barədə» Azərbaycan Respublikasının Konstitusiya Qanunu layihəsini mən hələ 2005-ci ildə hazırlamışam.

Məqsədim o idi ki, qanunvericilikdə uzun müddət saxlanılmış boşluq nəhayət, aradan qaldırılsın. Son vaxtlar bəzi deputatlar keçmiş prezidentlər ilə bağlı qanun qəbul edilməsi zərurətindən danışırlar. Danışsınlar. Təqdim etdiyim layihə ona yönəlmişdir ki, bu qanun bütün keçmiş prezidentlərimizə, o cümlədən, Ayaz Mütəllibov və ailəsinə də, Əbülfəz Elçibəy və ailəsinə şamil olunsun, bu sahədəki ayrıseçkiliyə son qoyulsun.

Mən isə bu layihəni oxuyan hamını öz təkliflərini, o cümlədən, tənqidi təkliflərini    mənə göndərmələrini xahiş edirəm.

 

Layihə

 

«Azərbaycan Respublikasının keçmiş prezidentlərinə

və onların ailə üzvlərinə təminat verilməsi barədə»

Azərbaycan Respublikasının Konstitusiya Qanunu

 

Maddə 1. Qanunun məqsədi və vəzifələri

1.1. Bu Qanun öz səlahiyyətlərini vəzifədə olma müddəti bitdiyinə görə başa vurmuş, yaxud səlahiyyətlərinə istefa verdiyinə, ya da ki, vəzifəsini icra etmək qabiliyyətini tamamilə itirdiyinə, eləcə də başqa səbəblərə görə, xitam verilmiş Azərbaycan Respublikası Prezidentinin və onun ailə üzvlərinin hüquqi, sosial və başqa təminatlarını müəyyən edir.

1.2. Bu Qanunda nəzərdə tutulmuş təminatlar yalnız Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsi ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tərəfdar çıxdığı qərar əsasında vəzifəsindən kənarlaşdırılmış şəxslərə və onların ailə üzvlərinə şamil olunmur.

1.3. Azərbaycan Respublikasının keçmiş prezidentinin ailə üzvlərinin dairəsi ailə qanunvericiliyi ilə müəyyən olunur.

 

Maddə 2. Dövlət mühafizəsi

Azərbaycan Respublikasının keçmiş prezidentləri daimi və ya müvəqqəti yaşadıqları yerdə tam həcmdə ömürlük dövlət mühafizəsi (xüsusi rabitə və nəqliyyat xidməti də daxil olmaqla) ilə təmin olunurlar.

 

Maddə 3. Tibbi yardım və həyatın və sağlamlığın sığortalanması

3.1. Azərbaycan Respublikasının keçmiş prezidenti və onun ailə üzvləri, onun səlahiyyətlərinə xitam verilənədək ona göstərilən tibb xidmətindən istifadə etmək hüququnu saxlayırlar.

3.2. Azərbaycan Respublikasının keçmiş prezidentinin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına fəaliyyət göstərən dövlət başçısının illik əmək haqqı məbləğində dövlət sığortasına cəlb edilir. Bu zaman sığorta hadisələri ölüm, bədən xəsarəti ilə məhdudlaşır.

 

Maddə 4. Azərbaycan Respublikasının keçmiş prezidentinin toxunulmazlığı

4.1. Azərbaycan Respublikasının keçmiş prezidenti toxunulmazlıq hüququna malikdir: o, cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə cəlb edilə, tutula, həbs oluna, axtarışa, dindirməyə, şəxsi axtarışa məruz qala bilməz. Bu hüquq həm də onun olduğu yaşayış və xidməti sahələrə, istifadə etdiyi nəqliyyat və rabitə vasitələrinə, malik olduğu sənədlərə və baqaja, eləcə də yazışmasına şamil olunur.

4.2. Azərbaycan Respublikasının keçmiş prezidentinin toxunulmazlığı yalnız aşağıdakı şərtlərin hamısı ödənildikdə götürülə bilər:

- onun barəsində Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən ağır cinayət törətməsi faktı üzrə cinayət işi başlandıqda;

- həmin cinayət işi ilə bağlı olaraq Azərbaycan Respublikası Baş Prokuroru Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq təqdimat verdikdə;

- Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş sayının yarısından çoxu təqdimatın tamamilə, yaxud qismən təmin edilməsinə səs vermələri yolu ilə qərar qəbul etdikdə.

4.3. Azərbaycan Respublikası Milli Məclisi toxunulmazlığın götürülməsinə dair təqdimata, o, daxil olduğu gündən 1 ay ərzində baxmalıdır.

4.4. Azərbaycan Respublikası Milli Məclisinin toxunulmazlığın götürülməsinə dair təqdimat barədə qəbul etdiyi qərar 3 gün ərzində Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilir.

4.5. Azərbaycan Respublikası Milli Məclisinin toxunulmazlığın götürülməsinə dair təqdimatın rədd edilməsi barədə qərarı Azərbaycan Respublikasının keçmiş prezidenti barəsindəki cinayət təqibini istisna edən haldır və müvafiq cinayət işinə xitam verilməsinə səbəb olur.

4.6. Azərbaycan Respublikası Milli Məclisinin toxunulmazlığın götürülməsinə dair təqdimata baxdığı iclasda Azərbaycan Respublikasının keçmiş prezidentinin iştirak etmək və izahat vermək hüququ vardır.

 

Maddə 5.  Azərbaycan Respublikasının keçmiş prezidentinin maddi təminatı

5.1. Azərbaycan Respublikasının keçmiş prezidenti, yaşından asılı olmayaraq, Azərbaycan Respublikası prezidentinin aylıq vəzifə maaşının 70 faizi məbləğində müavinət almaq hüququna malikdir.

5.2. Azərbaycan Respublikasının keçmiş prezidenti dövlət qulluğu sayılan vəzifə tutduqda, həmin dövrə müavinətin verilməsi dayandırılır.

 

Maddə 6. Azərbaycan Respublikasının keçmiş prezidentinin məişət təminatı və nəqliyyatdan istifadə etmək hüququ

6.1. Dövlət bağ sahələrindən biri Azərbaycan Respublikasının keçmiş prezidentinin ömürlük istifadəsinə verilir.

6.2. Azərbaycan Respublikasının keçmiş prezidentinin aeroport və aerovağzallarda, dəmiryolu vağzalları və stansiyalarında, dəniz limanlarında rəsmi şəxslər və nümayəndə heyətləri üçün nəzərdə tutumuş salonlardan istifadə etmək hüququ var.

 

Maddə 7. Azərbaycan Respublikasının keçmiş prezidentinin rabitə vasitələrindən istifadə etməsi

7.1. Azərbaycan Respublikasının keçmiş prezidentinin Azərbaycan Respublikasının ərazisində hökumət rabitəsindən, eləcə də dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının istifadəsində olan rabitə növlərindən pulsuz istifadə etmək hüququ, habelə rabitə xidmətlərini növbədənkənar almaq hüququ vardır.

7.2. Azərbaycan Respublikasının keçmiş prezidentinin poçt və teleqraf göndərişləri hökumət göndərişləri kimi göndərilir, işlənilir və çatdırılır.

 

Maddə 8. Azərbaycan Respublikasının keçmiş prezidentinin köməkçilər aparatı

8.1. Azərbaycan Respublikasının keçmiş prezidenti dövlət büdcəsi hesabına öz köməkçiləri aparatını saxlamaq hüququna malikdir. Azərbaycan Respublikasının keçmiş prezidentinin köməkçiləri öz vəzifələrinin icrasına görə yalnız onun qarşısında məsuliyyət daşıyırlar. Köməkçilər aparatının aylıq əmək haqqı fondu Azərbaycan Respublikası Prezidentinin əmək haqqının 2 misli miqdarındadır.

8.2. Azərbaycan Respublikasının keçmiş prezidenti köməkçilər aparatının əmək haqqı fondu həcmində o, köməkçilərin maaşını, onların mükafatlandırma qaydası və məbləğini müəyyən edir.

8.3. Azərbaycan Respublikasının keçmiş prezidenti köməkçilər aparatının yerləşdirilməsi üçün dövlət büdcəsi hesabına həyata keçirilir. Bu zaman həmin sahə mebel, təşkilati texnika, rabitə vasitələri, o cümlədən, hökumət rabitəsi ilə təchiz olunur.

 

Maddə 9. Azərbaycan Respublikasının keçmiş prezidentinin ailə üzvlərinin sosial təminatları və onların maddi təminatı

9.1. Azərbaycan Respublikasının keçmiş prezidentinin vəfatından sonra, onun ailə üzvlərinə qocalığa görə pensiyanın qanunvericilik ilə nəzərdə tutulmuş minimal məbləğinin altı misli miqdarında aylıq müavinət təyin edilir. Göstərilən müavinətə hüququ olan ailə üzvlərinin dairəsi, eləcə də həmin müavinətin ödənilməsi müddəti ailə başçısını itirməyə görə Azərbaycan Respublikasının qanunvericiliyinin müddəaları ilə müəyyən edilir.

9.2. 9.1. maddəsində göstərilən şəxslərə xidməti avtonəqliyyatdan, habelə əvvəllər onlara göstərilmiş tibb xidmətindən istifadə etmək hüququ verilir.

 

Maddə 10. Azərbaycan Respublikasının keçmiş prezidentinin sosial təminatları ilə bağlı xərclərin ödənilməsi

10. Dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatlarının Azərbaycan Respublikasının keçmiş prezidentinin təminatları ilə bağlı xərcləri dövlət büdcəsi hesabına ödənilir.

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow