?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Xutor sakinləri və Delfinlər

Azərbaycanda mülkiyyətin yenidən bölüşdürülməsi prosesi gedir. Daha doğrusu, güclənir. Neftçilər prospekti, Şəmsi Bədəlbəyli və Füzuli küçələridəki evlərin bəzi evlərin sakinlərinin problemləri barədə, yəqin ki, eşitməyən azdır.

Xutor sakinlərinin şikayətləri haqqında da kütləvi informasiya vasitələri yazmışdır. Ancaq, fikrimcə, oradakı vəziyyətin nə dərəcədə acınacaqlı olması haqqında ictimaiyyətin daha dəqiq təsəvvürü olmalıdır.

Bu gündən başlayaraq, Nərimanov rayon məhkəməsində hüquqlarını təmsil etdiyim Ədalət Axverdiyevin rayon icra hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə, «Azyevro Lau» adlandırılan firmaya, Maliyyə Nazirliyinə qarşı verdiyi iddiaya dair mülki iş barədə bloqun oxucularını müntəzəm məlumatlandıracağam.

Ədalət Axverdiyevin Xutor qəs., Z.Bünyadov pr., 2-ci keçiddəki 10 saylı ünvanda mülkiyyət hüququ əsasında ona məxsus olan həyət evi var idi. Ötən ilin payızı Nərimanov rayon icra hakimiyyətinin əməkdaşları onu öz evindən imtina etməyə və bunun müqabilində keçmiş erməni qəbiristanlığın üstündə inşa edilmiş evdə mənzil almağa dair orderi imzalamağa çalışmışlar. Görmə qabiliyyətinə görə 1-ci qrup əlil, infarkt keçirmiş, şəkər diabeti olan Ə.Axverdiyev mənə müraciət etdikdən sonra, biz keçən il dekabrın əvvəlində Nərimanov rayon məhkəməsinə iddia ilə müraciət etdik. Həmin vaxt qonşuluqdakı evlər sökülürdü. Axverdiyevin evi artıq zədələnmişdi. İddia ərizəsini verdikdən sonra Ə.Axverdiyevin evi yerlə-yeksan edilmişdir.

İddia ərizəsində və ona əlavədə Ə.Axverdiyev evinin əvvəlki vəziyyətinə qaytarılması, habelə ona dəymiş maddi və mənəvi zərərə görə, təzminat ödənilməsini tələb edir.

Nərimanov rayon məhkəməsində iş üzrə artıq bir neçə məhkəmə iclası keçirilmişdir. Rayon icra hakimiyyətinin mövqeyi bizə artıq məlumdur. Onun iddia ərizəsinə etirazında aşağıdakılar göstərilmişdir:

1.               Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 1070 – 1072 – 1073 – 1076-cı məhəllələrdə mühüm dövlət obyektinin tikintisi ilə əlaqədar həmin ərazidən sakinlərin köçürülməsi nəzərdə tutulmuşdur.

2.               Bu məsələ ilə bağlı Bakı şəhəri İcra hakimiyyəti başçısının 14.05.2004-cü il tarixli, 104 saylı sərəncamı var.

3.               Mənzil Məcəlləsinin 90-cı maddəsinin I hissəsinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev sökülməli olduqda vətəndaşlara başqa abad yaşayış sahəsi verilməklə dövlət və ictimai mənzil fondunun yaşayış evlərindən çıxarılırlar.

 TƏKZİB:

  1. Mənzil Məcəlləsinin 31-ci, Mülki Məcəllənin 157.9 və başqa maddələrinə əsasən dövlət ehtiyacları üçün torpağın, evin və digər daşınmaz əmlakın alınmasına dair qərarı yalnız və yalnız Nazirlər Kabineti tərəfindən qəbul edilə bilər. Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı belə qərarı əvəz edə bilməz!
  2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 104 saylı sərəncamı belə adlanır: «Özəlləşdirilmiş sahələrdə idman-sağlamlıq kompleksi, kinoteatr-ofis, yaşayış binaları, ticarət mərkəzi, yeraltı avtomobil dayanacağı, kottec tipli evlər, delfinariya və planetariya mərkəzinin layihələşdirilməsinə icazə verilməsi haqqında».  Bunu necə başa düşmək olar? Bəlkə, icra hakimiyyəti orqanları hesab edir ki, delfinariya dövlət ehtiyacları üçün nəzərdə tutulmuşdur? Biz çox şey görmüşdük – amma delfinlərə görə insanların öz evlərindən çıxarılması heç ağlımıza belə gəlməzdi!
  • Nərimanov rayon icra hakimiyyəti nümayəndəsinin təqdim etdiyi sənəddən ümumiyyətlə bilinmir ki, Sərəncamda göstərilən əraziyə Axverdiyevin evi olan sahə daxildir, ya yox.
  1. Axverdiyevin mənzili dövlət mülkiyyətində deyil, onun xüsusi mülkiyyətindədir.

Nərimanov rayon məhkəməsində dünən keçirilən məhkəmə iclasında rayon icra hakimiyyətinin nümayəndəsi çox qəribə bir vəsatət vermişdir. O, vəsatətdə Axverdiyevin evinin və ona təklif edilən mənzilin qiymətləndirilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Nə qədər təəccüblü olsa da, hakim vəsatəti qismən təmin edərək, Axverdiyevin evinin qiymətləndirilməsinə dair qərardad qəbul etmişdir.

  • Əlbəttə, burada deyə bilərdik ki, əlavə şərhə ehtiyac yoxdur. Ancaq, istəmirəm bu məsələnin üstündən sükutla ötəm. Qərardad tamamilə qanunsuzdur. Əvvəla, ev Axverdiyevindir, o, heç cür alına bilməzdi! Dövlət ehtiyacları mövcud olsa idi belə, bu barədə o, azı 1 il qabaqcadan xəbərdar edilməli idi, və qiymətləndirmə hələ ev sağ-salamat olan zaman keçirilməli idi.
  • İddia tələbində bu söylənilir, və məhkəmə iclasında da Axverdiyev qətiyyətlə bildirdi ki, evinin bərpasını tələb edir.
  • Cavabdehlərdən üçü – Bakı şəhər İcra Hakimiyyəti, «Azyevro Lau» firması, Maliyyə Nazirliyinin nümayəndələri gəlmədiyi iclasda və Axverdiyevə qarşı heç bir iddia olmayan yerdə, məhkəmənin onun evinin qiymətləndirilməsi barəsində ekspertiza təyin etməsi heç bir hüquq norması ilə bir araya sığmır!

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow