?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

            Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa etdiyi andan sivil dövlətlərin hamılıqla qəbul etdiyi dəyərlərə hörmətlə yanaşdığını, insan hüquq və azadlıqlarına, o cümlədən, mülkiyyətin toxunulmazlığına ölkəmizdə təminat verildiyini dəfələrlə bəyan etmişdir.

            Bu təminatlar heç də deklarativ olmamış, bir sıra qanunvericilik aktlarında, ilk növbədə, 1995-ci ildə qəbul edilmiş Konstitusiyada, o cümlədən, onun 13 və 29-cu maddələrində təsbit olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan əmlakdan mülkiyyətçinin iradəsinə zidd olaraq məhrum edilmə yasaqlanmışdır. Müəyyən edilmişdir ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə, yalnız və yalnız yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə  yol verilə bilər.

Lakin son illər dövlət və bələdiyyə orqanları, bəzi dövlət şirkətləri və özəl şirkətlər vətəndaşların, sahibkarların qanuni mülkiyyətində olan mənzillərin, evlərin, həyətyanın sahələrin hüquqa zidd qaydada mülkiyyətçilərdən alınmasına, minlərlə şəxsin mülkiyyət və mənzil hüquqlarından məhrum edilməsinə yönəldilmiş hərəkətlərə yol verirlər. Təəssüf doğuran hallardan biri budur ki, əsas vəzifəsi ictimai asayişin müdafiəsi olan polis əməkdaşları da bu proseslərə cəlb edilirlər. Bəzi hallarda polislərin Daxili İşlər Nazirliyinə deyil, yerli icra hakimiyyəti orqanlarının birbaşa tabeçiliyində olması təəssüratı yaranır.

Mülkiyyətin bu şəkildə özbaşına yenidən bölgüsü Azərbaycanın xeyli hissəsini əhatə etməkdədir. Ölkə paytaxtı Bakı şəhərindəki torpaqların beləcə boşaldılması indiyə qədər Bibiheybət, Xutor, Əzizbəyov dairəsi, Neftçilər prospekti və başqa ərazilərdə baş vermiş, hal-hazırda isə digər küçə və məhəllələri əhatə edir.

Füzuli, Şəmsi Bədəlbəyli, Əlimərdan bəy Topçubaşov və Rəsul Rza küçələrinin böyük hissəsini əhatə edən ərazidəki mülkiyyətçilərə və sakinlərə qarşı yol verilmiş təzyiq, oradakı evlərdən bir çoxlarının sökülməsi, vətəndaşların məhkəmə qərarı belə olmadan evlərindən çıxarılması, sakinlərin hələ də yaşadığı binaların və onların ətrafının yarıtmaz hala salınması nəinki sivil dövlətlərdə, hətta MDB məkanında ən avtoritar sayılan ölkələrdə belə analoqu olmayan hərəkətlərdir. Öz əmlakını məmur özbaşınalığından qorumaq istəyən qadınların polisə aparılması və həbsə məruz qalması faktları da var ki, prokurorluq orqanlarının bu pozuntuları sükutla qarşılaması, heç bir yoxlamalar aparmaması özbaşınalıqlara yol verən Hacıbala Abutalıbov, digər məmurlar və onların havadarlarını yeni-yeni qanunsuzluqlara ruhlandırır.

Mülkiyyətçilər ailələri ilə birgə küçələrə atılmaq təhlükəsi altında Bakı şəhər İcra Hakimiyyətinin onların evləri, mənzilləri üçün təklif etdikləri gülünc məbləğə, yaxud da ki, süni şəkildə qəza vəziyyətinə gətirilmiş, ayrı-ayrı mərtəbələri, qapı-pəncərələri dağıdılmış, bir çox hallarda telefon xətləri kəsilmiş, su, kanalizasiya, elektrik enerjisi problemlərilə ilə üzləşən mənzillərdə hər an küçəyə atılmaq təhlükəsi altında qalmalı olurlar. Eyni münasibətlə həmin ərazidə yerləşən biznes obyektlərinin mülkiyyətçiləri olan sahibkarlar və onların işçiləri rastlaşırlar.

Sakinlərin razılığı ilə onların köçürülməsinin təşkili üçün ayrılmış pul vəsaitinin xərclənməsi ayrı-ayrı fərdlərə tapşırılmışdır ki, bu da dövlət vəsaitindən təyinatı üzrə istifadənin şəffaf olmaması, vəsaitin miqdarı və xərclənmə üsulu ilə bağlı suallar doğurur. Bu suallar bir də ona görə aktualdır ki, adı çəkilən ərazidə söküntü başlamazdan öncə minlərlə sakin yaşayırdı.

Sadalananlar Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də dövlətin üzərinə götürmüş olduğu beynəlxalq-hüquqi öhdəliklərlə bir araya sığmır.

Yuxarıdakılara əsasən, Komitə üzünü Azərbaycan Respublikası rəhbərliyinə, o cümlədən, prokurorluq orqanlarına tutaraq, mülkiyyət, mənzil, şəxsi toxunulmazlıq, azadlıq, sahibkarlıq və başqa hüquqların pozulmasına yönəlmiş hərəkətlərə görə məsuliyyət daşıyan dövlət orqanları, onların vəzifəli şəxsləri, sıravi əməkdaşlarının  yol verdikləri qanunsuzluqlarla bağlı bəyan edir:

1.                            Göstərilən şəxslərin əməllərinin Azərbaycan Respublikası qanunvericiliyi, o cümlədən, cinayət qanunvericiliyinin özgəsinin əmlakının qəsdən məhv edilməsi, mənzil hüququnun pozulması, səlahiyyətlərin aşılması və s. cinayətlərin əlamətlərininin olub-olmaması baxımından indiyədək yoxlanılmaması insan hüquqlarının kütləvi pozuntularına rəvac vermişdir.

2.                            İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokola əsasən heç kəs, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilmədiyinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı pozuntularla bağlı qəbul edə biləcəyi qərarlar Azərbaycan Respublikasının büdcəsinə və dövlətin beynəlxalq aləmdəki nüfuzuna sarsıdıcı zərbə vura bilər.

 

Comments

( 1 comment — Leave a comment )
dejureportal
Apr. 18th, 2010 07:43 am (UTC)
Bəyanat De Jure portalında yerləşdirildi
( 1 comment — Leave a comment )

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow