?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Dünən, aprelin 20-də Azərbaycan Respublikasının Milli Məclisi bizlərə yeni bir qanun bəxş etmişdir. Daha doğrusu, o, hələ layihədir, çünki üçüncü oxunuşda qəbul edilsə də, dövlət başçısı tərəfindən imzalanmamışdır.

Sözü gedən layihə bəyan edildiyinə görə, dövlət ehtiyacları üçün torpağın alınmasının məqsədləri və zəruriliyi, qiymətləndirilməsi, kompensasiya ilə bağlı iddialar, kompensasiyanın qiymətləndirilməsində nəzərə alınması tələb olunan amillər və digər məsələləri geniş şəkildə əhatə edir.

Ancaq... Mən hətta qanun layihəsi müəlliflərinin özünə belə arzu etməzdim ki, onların torpağı, evi belə keyfiyyətsiz sənəd əsasında alınsın.

Niyə?

Ona görə ki, bu layihə qanuna çevriləcəyi təqdirdə, o, bizlərin, vətəndaşların, özəl təşkilatların hüquqları indiki ilə müqayisədə daha artıq dərəcədə dövlət aparatından asılı vəziyyətə düşməyimizə səbəb ola bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilmişdir: «I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur». Konstitusiyasının 29-cü maddəsi bilavasitə mülkiyyət hüququnun müdafiəsinə həsr olunmuşdur:  «IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər».

Hal-hazırda Mülki Məcəllənin 157.9. maddəsinə görə, dövlət ehtiyaclarına dair qərar yalnız və yalnız (1) yolların və digər xətlərinin çəkilməsi, (2) sərhəd zolağının müəyyən edilməsi, (3) müdafiə əhəmiyyətli obyektlərin tikilməsi ilə bağlı ola bilər.

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanun layihəsində isə Parlamentdə əyləşənlər, onlardan bir neçəsini çıxmaq şərtilə, dövlət ehtiyacları anlayışını genişləndirmişlər: sərhəd zolağının müəyyən edilməsi sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi ifadəsi ilə əvəzlənmişdir (layihənin 3.1.2. maddəsi). Bu o deməkdir ki, sabah sərhəd qoşunları komandanlığı üçün hansısa obyektlərin Bakıda, yaxud dövlət sərhədlərimizə aidiyyatı olmayan başqa ərazidə tikilməsi də sərhədin etibarlı mühafizəsinin təmin edilməsinə yönəlmiş tədbir kimi dövlət ehtiyacı hesab edilə bilər.

Əgər Mülki Məcəllənin 157.9. maddəsi müdafiə təyinatlı obyektlərin tikilməsini dövlət ehtiyacı hesab edirsə, layihənin 3.1.3. maddəsində buna «təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi» də əlavə olunur. Sabahları Milli Təhlükəsizlik Nazirliyi və başqa dövlət orqanları təhlükəsizlik obyektlərinin inşası adı altında torpaq sahələri tələb etsələr, buna təəccüblənməyin – Azərbaycan Respublikasının hazırki parlamenti bunun üçün şərait yaratmışdır.

Nəhayət, Milli Məclisin tamamilə yeni tapıntısı – dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi (3.1.4.). Əslində burada qara və rəngli metalların, nadir metalların emalı ilə məşğul olacaq obyektlər başa düşülməlidir; ancaq sabah dağ-mədən sənayesini  terminini mədənçıxarma termini ilə qarışıq salsalar və faydalı qazıntılar başqa növlərini də: neft, qaz, inşaat materialları və s. hasilatı və emalını da dövlət ehtiyacları hesab etsələr, təəccüblənməyəcəyəm.

Qeyd: Füzuli, Ş.Bədəlbəyli, Ə.Topçubaşov, R.Rza küçələrinin sakinlərinin nəzərinə - Torpaqlarınızda yaradılması bəyan edilən park hətta bu layihəyə görə dövlət ehtiyacları sayıla bilməz.

 Beləliklə, artıq layihənin əvvəlindən biz görürük ki, yeni Qanun layihəsi Mülki Məcəllə ilə ziddiyyətdədir və özəl mülkiyyətçilərin hüquqlarına daha geniş şəkildə təsir göstərir.

Layihənin 4-cü maddəsinə əsasən, məcburi qaydada torpaq (layihədə torpaq anlayışının qəribə tərifi verilir – onun üzərindəki tikili və s. də torpaq sayılır) yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında alına bilər. Nəzərə alsaq ki, bu zaman mülki icraat qaydasında mülkiyyətçinin hüquqlarının müdafiəsi üçün kifayət qədər vaxt vardır, bu müddəanı Konstitusiyaya uyğun hesab edə bilərik. Lakin, təkcə bu müddəaya görə, bu layihəni qanuna çevirmək olmaz.

Bu parlamentin qəbul etdiyi digər qanunlarda olduğu kimi, burada da çox maddələrdə «müvafiq icra hakimiyyəti orqanı» ifadəsindən istifadə edilmişdir. Sivil dövlətlər üçün səciyyəvi olmayan bu yanaşma həmin orqanın müəyyən edilməsi səlahiyyətini, yəni qanunvericilik səlahiyyətini ali icra hakimiyyətinin başçısı olan Prezidentə ötürülür. Buna görə də, Prezidentin müvafiq fərmanı olmadan hansı səlahiyyətlərin daşıyıcısının hansı orqan olmasını söyləmək mümkün olmur.

Layihənin çatışmayan cəhətlərinə onu da aid etmək olar ki, torpaqların dövlət ehtiyacları üçün alınması üçün yeni-yeni subyektlər ortalığa çıxır – torpaqları dövlət ehtiyacları üçün alan orqan, alınmanın həyata keçirilməsinə nəzarət keçirən orqan, torpağın alınması qrupları və s. Bu cür yanaşma Azərbaycan şəraitində korrupsiya üçün geniş imkanlar yarada bilər ki, əlbəttə bu da insan hüquq və azadlıqlarının qorunması işinə xidmət sayıla bilməz.

Ancaq, layihənin çatışmazlıqları bununla bitmir. Qanunvericilik texnikası barədə danışmayacağam – bu birinci layihə deyildir ki, onun keyfiyyəti çox aşağı səviyyədədir. Əsas məsələ ondadır ki, insan hüquq və azadlıqlarının pozulmasını asanlaşdıran vasitələrdən biri məhz qanunların dil və üslubca qarışıq ifadə edilməsi, onun nəticələrinin əvvəlcədən görülməsinin çətinliyi, ardıcıl olmamasıdır. Belə qanunlar kütləvi pozuntut törədən icra hakimiyyəti orqanları və çox vaxt onlara dəstək verən məhkəmələr üçün faydalı vasitədir.

Layihənin ciddi qüsurlarından biri odur ki, müddətindən asılı olmayaraq, özbaşına tikili adlandırılan sahələrdə yaşayan çoxsaylı ailələrə həmin tikililərlə bağlı, ümumiyyətlə, hər hansı kompensasiya verilməsi nəzərdə tutulmur (maddə 7.3.5. və 7.5.), halbuki, əgər həmin şəxslər müvafiq tikilidə dövlət və bələdiyyə orqanlarının sükut razılığı ilə uzun müddət yaşayırdılarsa, hətta keçmiş SSRİ qanunvericiliyinə əsasən əksər hallarda onların mənzil hüququ tanınmalı idi. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyaya əsaslanın presedent hüququ da bu mövqedədir – Azərbaycan parlamenti adlanan qurumun mövqeyi on minlərlə insanın evsiz-eşiksiz, pulsuz-parasız qalmasına səbəb ola bilər.

Kompensasiyanın müəyyən edilməsi qaydaları qarışıqdır, onlardan bəziləri mülkiyyətçilərə təzyiq göstərilməsinə yönəlmişdir. Məsələn, layihənin 32.3. maddəsində göstərilmişdir ki, torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Təsəvvürünüzə gətirin, məmur, yaxud onun təyin etdiyi hər hansı şəxs mülkiyyətçilərə gəlib deyirlər ki, əgər mülkünü könüllü satmasan, 10 faiz az vəsait alacaqsan.

Mülki Məcəllənin 247.2. maddəsinə əsasən satınalma qiyməti müəyyənləşdirilərkən həmin qiymətə torpaq sahəsinin və orada olan daşınmaz əmlakın bazar dəyəri, habelə torpaq sahəsinin alınması nəticəsində mülkiyyətçiyə dəyən bütün zərər, o cümlədən əldən çıxmış fayda da daxil olmaqla, onun üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərər daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli fərmanının 2.3 bəndinə əsasən isə “dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi  miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir”.   

Layihəyə görə isə 5 - 10 faizə qədər əlavə vəsait çətinliklərə görə kompensasiya adı ilə yaşayış sahəsindən çıxarılanlara verilməlidir, bir şərtlə ki, həmin şəxslər orada azı 5 il yaşasınlar (66-cı maddə)! 4 il 11 ay mənzildə yaşamışsa, onun belə kompensasiyaya hüquqları olmayacaq.

  Bu yalnız ilk təəssüratlardır.

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow