?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

MƏNTİQ DƏRSLƏRİ


«Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Ziyafət Əsgərovun Eynulla Fətullayevin ərizəsinə dair iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına münasibəti isə belə olub: «Avropa Məhkəməsinin qərarları Azərbaycan üçün məcburi deyil. Onlar Eynulla Fətullayev azad edilsin deyə bilməzlər. Onların qərarları Azərbaycan üçün yalnız tövsiyə xarakteri daşıyır». http://www.azadliqradiosu.az/content/article/2025532.html

Onun sözlərinə görə, Avropa Məhkəməsinin böyük palatası öz qərarını Azərbaycanın ali məhkəməsinə göndərməlidir: «Bundan sonra əgər zərərçəkən tərəf kasasiya şikayəti verərsə, onda Ali Məhkəmənin Plenumu bu məsələyə baxacaq və qərar qəbul edəcək ki, Fətullayevlə bağlı qərarı birinci instansiya məhkəməsinə göndərsin, yoxsa Apelyasiya Məhkəməsinə».

İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Qərarların məcburi qüvvəsi və icrası başlıqlı 46-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir: «Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər».

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tövsiyəvi xarakter daşıdıqlarını söyləyənlərin nəzərinə aşağıdakı sadə kateqorik sillogizmi (deduktiv əqli düşüncənin növlərindən biri) çatdırıram:

1) Avropa Konvensiyasının iştirakçısı olan dövlətlər (orta termin) Avropa İnsan Hüquqları Məhkəməsinin onların tərəf olduqları işlər üzrə qəti qərarlarını icra etməlidirlər (böyük termin).

2) Azərbaycan Respublikası (kiçik termin) Avropa Konvensiyasının iştirakçısı olan dövlətdir (orta termin).

Nəticə: Azərbaycan Respublikası (kiçik termin) Avropa İnsan Hüquqları Məhkəməsinin onun tərəf olduğu işlər üzrə qəti qərarlarını icra etməlidir (böyük termin).

Son illər Azərbaycan Respublikasının ali təhsil müəssisələrində məntiq elminin tədrisinə diqqət çox azalmışdır. Hətta elə hüquq fakültələri var ki, orada bu elmi, ümumiyyətlə, öyrətmirlər. Təəccüblü deyil ki, yeni hakimlərin çoxlarının məntiqi düşüncə qabiliyyəti çox zəifdir. Buna görə də, bloqumda məntiq qanun və üsullarını, müxtəlif məhkəmə qərarlarına istinadən nümayiş etdirmək niyyətindəyəm.

Yuxarıdakı sadə kateqorik sillogizmi təkcə Z.Əsgərov üçün deyil, onun kimi düşünənlər üçün yazmışam.

Ziyafət Əsgərovun sonra söylədiklərinə görə, Avropa Məhkəməsinin böyük palatası öz qərarını Azərbaycanın ali məhkəməsinə göndərməlidir: «Bundan sonra əgər zərərçəkən tərəf kassasiya şikayəti verərsə, onda Ali Məhkəmənin Plenumu bu məsələyə baxacaq və qərar qəbul edəcək ki, Fətullayevlə bağlı qərarı birinci instansiya məhkəməsinə göndərsin, yoxsa Apelyasiya Məhkəməsinə» (http://www.azadliqradiosu.az/content/article/2025532.html).

Yenə də yanlış fikirlər. Əvvəla, terminlər qarışdırılır. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarını Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərməli deyildir. O, qərarlarını Azərbaycan dövlətinə ünvanlayır, qərarı alan qurum onu Ali Məhkəməyə təqdim etməlidir. Fətullayev də kassasiya şikayəti verməli deyildir.

Bundan başqa, Ali Məhkəmənin Plenumu Milli Məclisin sədr müavininin söylədiyindən fərqli olaraq, kassasiya instansiyası deyildir, kassasiya instansiyası Ali Məhkəmənin məhkəmə kollegiyaları ola bilər.

Nəhayət, Cinayət-Prosessual Məcəlləsinin (CPM-in) 455 – 457 maddələrinə əsasən, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan məhkəmələrində cinayət işinə dair ərizə üzrə icraat zamanı Konvensiyanın müddəalarının pozulduğunu müəyyən etdikdə, Ali Məhkəmənin Plenumu işə kassasiya qaydasında deyil, yeni hallar üzrə baxır.

CPM-in 459.0.3. maddəsinə əsasən isə Ali Məhkəmənin Plenumu belə işlərə baxan zaman kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edə və yeni qərar qəbul edə bilər. Zənnimcə, E.Fətullayevin işinin yenidən aşağı instansiya məhkəmələrinə qaytarmağa ehtiyac yoxdur, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı Ali Məhkəmənin Plenumunun qərarı ilə ona dair cinayət işi üzrə icraata xitam verilməsi üçün tam əsasdır.

Yəqin fikir verdiniz –  vitse-spiker məntiqin dörd əsas qanunundan biri olan eynilik qanununu tez-tez pozur. Gəlin arzu edək ki, o, belə səhvləri daha təkrarlamasın.

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow