AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN
İnzibati-İqtisadi kollegiyasına
Bakı şəhəri, Yusif Səfərov, 14, 1193-cü məhəllə
İddiaçı: İbrahimbəyov Rüstəm Məmməd İbrahimoviç...
İddiaçının nümayəndəsi və vəkili: Fuad Arif oğlu Ağayev...
tərəfindən
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı
İbrahimbəyov Rüstəm Məmməd İbrahimoviçin Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi barədə iddia ərizəsinə
dair inzibati iş üzrə 2-1inz(103)-1420/2013 saylı, 30 avqust 2013-cü il tarixli qərarından
KASSASİYA ŞİKAYƏTİ
1. Faktların ifadəsi
1.1. 12 avqust 2013-cü il tarixində 157 nəfər üzvü olan «Milli Şura» seçicilərin təşəbbüs qrupu bu il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Rüstəm Məmməd İbrahimoviç İbrahimbəyovun namizədliyini irəli sürmüşdür.
1.2. 22 avqust 2013-cü il tarixində iddiaçının Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün aşağıdakı sənədlər MSK-ya təqdim edilmişdir:
· Seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədliyin irəli sürülməsi barədə yığıncağın protokolu;
· Seçicilərin təşəbbüs qrupunun bildirişi;
· Namizədin öhdəlik ərizəsi;
· İddiaçının Rusiya Federasiyası vətəndaşlığından çıxması ilə bağlı Rusiya Federasiyasının Federal Miqrasiya Xidmətinin Moskva İdarəsinə verdiyi ərizənin baxış üçün qəbulu haqqında arayışın notarial qaydada təsdiqlənmiş surəti və tərcüməsi;
· İddiaçının Rusiya Federasiyası qarşısında vergi öhdəlikləri olmaması barədə arayışın notarial qaydada təsdiqlənmiş surəti və tərcüməsi.
1.3. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 27 avqust 2013-cü il tarixli, 20/118 saylı Qərarı ilə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi "Milli Şura" seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Rüstəm Məmməd İbrahimoviç İbrahimbəyovun namizədliyi təsdiq edilməmişdir.
1.4. Qərarın hüquqi əsasları kimi Azərbaycan Respublikası Konstitusiyasının 56 və 100-cü, Seçki Məcəlləsinin 19.4., 19.14, 28.2., 28.4. və 53-cü maddələrinə istinad olunmuşdur.
1.5. Mübahisələndirdiyimiz sənədin mətnindən göründüyü kimi, Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiq edilməsindən imtina kimi cavabdeh aşağıdakıları göstərmişdir:
1.5.1. İddiaçının «eyni zamanda iki dövlətin – Azərbaycan Respublikasının və Rusiya Federasiyasının vətəndaşlığına malik olmaqla ikili vətəndaşlığının olması»;
1.5.2. İddiaçının başqa ölkələr qarşısında öhdəliyinin olmaması qənaətinə gəlmək üçün kifayət qədər əsasların mövcud olmaması;
1.5.3. İddiaçının Azərbaycan Respublikasının ərazisində «son 10 ildə cəmi 1163 gün kiçik fasilələrlə yaşaması».
2. Milli qanunvericilik aktlarının uyğun normaları
2.1. MSK öz qərarında ilk növbədə 1995-ci il noyabrın 27-dən qüvvədə olan Konstitusiyanın 100-cü maddəsinə istinad etmişdir:
«Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər».
Qərardan göründüyü kimi, MSK bu maddədə sadalanan əlamətlərdən üçünün (1) Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayış; 2) başqa dövlətlər qarşısında öhdəlik olmaması; 3) ikili vətəndaşlığın olmaması) iddiaçıya xas olmaması qənaətinə gəlmişdir.
«53.2. ... namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki
....
3. Cavabdehin qanunu düzgün tətbiq etməməsi
....
· R.İbrahimbəyovun namizədliyinin Azərbaycan Respublikası Prezidentinin seçkilərində irəli sürülməsini təsdiq etməyən MSK-nın davranışı və qərarı aşkar qanunsuz, iddiaçının siyasi baxışlarına, hazırki iqtidara münasibətinə görə tətbiq olunan ayrıseçkiliyin bariz nümunəsi olmaqla, onun təqibi kampaniyasının tərkib hissəsidir.
4. Qərarın əsaslandırıcı hissəsində Konstitusiyanın təfsiri haqqında
4.1. Yuxarıda göstərdiyimiz kimi, MSK Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində sadalanan əlamətlərdən üçünün R.İbrahimbəyova xas olmadığını vurğulamışdır. Hərçənd bu məsələlər namizədliyin irəli sürülməsi mərhələsinə aid deyildir, biz qanunvericiliyi bu dərəcədə kobud pozuntularla tətbiq olunmasına münasibətimizi bildirməyə borcluyuq.
4.2. Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamaq
4.2.1. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (əvvəllər Aparatının) qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri işləyən Şahin Əliyev bununla bağlı göstərir ki, prezidentliyə namizəd kimi Azərbaycanda 10 ildən az yaşamayan vətəndaş qeydə alına bilər. «Daimi yaşayan» o deməkdir ki, namizəd Azərbaycan Respublikasında göstərilən müddətdən az yaşamamalıdı, özü də ki, söhbət Prezident vəzifəsinə irəli sürülmədən bilavasitə əvvəlki müddətdən getmir. Namizədin on illik müddəti hissə-hissə, zamanı başqa ölkələrdə yaşadığı müəyyən fasilələrə yol verilməklə «toplana» bilər. «Daimi yaşayış» tələbi xarici ölkələrə ezamiyyət və səfərləri, istirahət və müalicə səfərlərini və s. istisna etmir.
4.2.2. Güman edirəm, şərhə ehtiyac yoxdur. Rüstəm İbrahimbəyovun daimi yaşayış yerinin Azərbaycanda olması, evinin bu iddia ərizəsinin əvvəlində göstərdiyimiz ünvanda yerləşməsi qərar müəlliflərinə də aydındır. Onların iddiaçının son 10 ildə Azərbaycanda 1163 gün (3 ildən artıq) olmasını göstərmələri əslində PR xarakterli, hüquqi əhəmiyyət kəsb etməyən hərəkətdir. 1939-cu ildə Bakıda anadan olmuş, böyümüş, ali məktəb də daxil olmaqla təhsil almış, Azərbaycan Kinematoqrafçılar İttifaqına 20 il sədrlik edən, «İbrus» teatrının 13 il bədii rəhbəri olan bir şəxsin guya ölkəmizdə 10 il daimi yaşamamasını uydurmaq, hesab edirəm, çox ciddi qüsurdur.
İddiaçının uzun müddət MDB və Baltika ölkələri kinematoqrafçıları Konfederasiyasının da sədri, Rusiya Kinematoqrafçılar İttifaqının katibi, «Feliks» Avropa Kinematoqrafçılar İttifaqının və Amerika kino sənəti akademiyasının üzvü olması onun xarici səfərlərini zəruri etmişdir və edir. Belə olan halda, bu cür insanla fəxr etmək əvəzinə MSK onun namizədliyinin təsdiq edilməməsi üçün həqiqətdən uzaq fikirlərə geniş meydan vermişdir.
4.2.3. Cavabdeh daimi yaşayış məsələsinə toxunmaqla, bilərəkdən və ya bilməyərək Azərbaycan Respublikasının hazırki Prezidentinin 2003-cü ildə namizəd kimi qeydə alınmasına da şübhə toxumları səpmişdir. MSK-dan fərqli olaraq iddia tərəfi hesab etmir ki, dövlət başçısı o zaman ölkəmizdə 10 ildən artıq yaşayan vətəndaş sayıla bilməzdi.
4.3. İkili vətəndaşlıq haqqında
4.3.1. Hüquqda «iki vətəndaşlığı olan şəxs» və «ikili vətəndaşlığı olan şəxs» anlayışları fərqləndirilir. İkili vətəndaşlıq o zaman mövcuddur ki, dövlətlərarası müqavilə əsasında iki dövlət, onların qanunvericiliyi buna yol verirsə, öz vətəndaşlarının hər iki dövlətin vətəndaşlığını tanıyırlar. Əgər qanunvericilik buna yol vermirsə və ya iki dövlət arasında müvafiq müqavilə yoxdursa, ikili vətəndaşlıqdan danışmaq mümkünsüzdür.
4.3.2. İndi baxaq görək, bu barədə Azərbaycan Respublikası qanunvericiliyi bu barədə nə deyir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilmişdir:
«Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır».
Azərbaycan Respublikası indiyədək heç bir dövlətlə ikili vətəndaşlığa dair müqavilə bağlamamışdır. Rusiya Federasiyasının belə müqavilələri, məsələn, Tacikistan Respublikası ilə var, Azərbaycanın yoxdur. Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidenti icra qaydasında Rüstəm İbrahimbəyovun Rusiya Federasiyasının vətəndaşlığının da tanınması barədə heç bir fərman, yaxud sərəncam verməmişdir. Deməli, iddiaçının ikili vətəndaşlığını mümkün edə biləcək heç bir hal yoxdur. Buradan da o nəticə çıxır ki, R.İbrahimbəyovun Rusiya Federasiyasının vətəndaşı olsa idi belə, Azərbaycan Respublikası onu yalnız və yalnız öz vətəndaşı kimi tanımalıdır.
4.3.3. İddiaçının ikili vətəndaşlığını təsbit edə biləcək heç bir sübuta malik olmayan MSK əlacsızlıqdan bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən məktub almışdır. Cavabdeh bəlkə hesab edir ki, həmin nazirlik ona aid olmayan arayışlar verməklə beynəlxalq hüququ dəyişdirəcək?
4.4. Başqa dövlətlər qarşısında öhdəlik
4.4.1. Baxmayaraq ki, iddiaçı MSK-ya Rusiya Federasiyasının Federal Miqrasiya Xidmətinə təqdim etdiyi sənədlərin təsdiq olunmuş surətlərini vermişdir və sənədlərdən görünür ki, onun həmin ölkə qarşısında heç bir öhdəliyi yoxdur, cavabdeh qərarında yazır ki, guya onun başqa ölkələr qarşısında öhdəliyinin olmaması qənaətinə gəlmək üçün kifayət qədər əsaslar mövcud deyildir.
4.4.2. Çox acınacaqlı və MSK-nın ifrat qərəzçiliyi, ayrı-seçkiliyin nümayişini ifadə edən yanaşmadır. Cavabdeh konkret hər hansı öhdəliyin olmasını iddia da edə bilmir, ancaq ümumi ifadələrlə arqument kasadlığını ört-basdır etməyə cəhd göstərir. Yalnız və yalnız R.İbrahimbəyova münasibətdə, yəni bu yaxınlaradək Rusiya Federasiyasının vətəndaşı olmasını gizlətməyən şəxsə münasibətdə bu fərqli yanaşmaya yol verilmişdir.
5. Apellyasiya Məhkəməsinin qərarı
5.1. Yuxarıda yazılanlara əsasən iddiaçı MSK-ya qarşı iddia ərizəsi verərək 1) «2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi «Milli Şura» seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Rüstəm Məmməd İbrahimoviç İbrahimbəyovun namizədliyinin təsdiq edilməməsi haqqında» Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının « 27 avqust 2013-cü il tarixli, 20/118 №-li Qərarının ləğv edilməsinə və 2) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Rüstəm Məmməd İbrahimoviç İbrahimbəyovun namizədliyinin irəli sürülməsini təsdiq edən qərarın dərhal qəbul edilməsi vəzifəsi qoyulmasını Bakı Apellyasiya Məhkəməsindən xahiş etmişdir.
5.2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1420/2013 saylı, 30 avqust 2013-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.
5.3. Məhkəmə kollegiyası qərarının əsaslandırıcı hissəsi, demək olar ki, MSK qərarı mətninin köçürməsindən (copy - paste) başqa bir şey deyildir. Yalnız qərarın sonuncu, yeddinci səhifəsində iddia ərizəsindəki dəlillərin kiçik bir hissəsinə toxunulmuşdur:
«(1)İddiaçı öz tələbində iddiaçının «namizədliyinin irəli sürülməsi» və «seçilməsi» anlayışlarının tamamilə fərqli məfhumlar olduğunu göstərsə də bu dəlil əsassızdır. Belə ki, qeyd olunduğu kimi Konstitusiyanın qeyd olunan maddəsində namizədliyə dair tələblər göstərilmişdir və bunu istisna edən əsasların mövcud olması namizədliyin təsdiq edilməməsi üçün əsasdır.
(2)Həmçinin, iddia ərizəsində iddiaçının ikili vətəndaşlığının mümkün edə biləcək heç bir halın olmaması göstərilsə də özünün də göstərdiyi kimi Azərbaycan Respublikası vətəndaşı olmaqla yanaşı Rusiya Federasiyasının vətəndaşı olması məhz iddiaçının ikili vətəndaşlığının olmasını təsdiq edir.
(3) Bundan əlavə, iddiaçının tələbində vergi öhdəliklərinin olmaması barədə arayışın təqdim edildiyi, cavabdehin qərarında isə öhdəliyin olmaması qənaətinə gəlmək üçün kifayət qədər əsasların mövcud olmaması göstərilmişdir.
Göründüyü kimi, Konstitusiyanın qeyd olunan maddəsində tək vergi öhdəliyinin deyil, başqa dövlətlər qarşısında öhdəliyin olmaması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də yuxarıda göstərilən qərarında da həmin «...başqa dövlətlər qarşısında öhdəliyi olmayan...» müddəasına göstərilən qaydada şərh verilmişdir»».
5.4. Məhkəmə Kollegiyasının birinci dəlili onu göstərir ki, hakimlər sadəcə iddia ərizəsinin «namizədliyin irəli sürülmə» mərhələsinə aid dəlillərinin (bu şikayətdə 3.1. – 3.5. bəndlərini əhatə edir), demək olar ki, hamısını qiymətləndirməkdən yayınmışlar. Ümid edirəm, hörmətli Ali Məhkəmə buna heç olmasa cəhd göstərər. Apellyasiya Məhkəməsinin yazdığından belə çıxırki, «namizədliyin irəli sürülməsi» və «seçilmə» anlayışlarının tamamilə fərqli məfhumlar olması haqqında dəlil əsassızdır, yəni bunlar fərqli məfhumlar deyil, eyni şeylərdir. Təəssüf hissi ilə göstərməliyik ki, istər MSK, istərsə də aşağı məhkəmə məntiqdən xəbərsizliklərini nümayiş etdirmişlər.
5.5. Məhkəmənin ikinci dəlili ilə bağlı yenə də təəccüblənməli oluruq. Belə ki, ikili vətəndaşlığın nə olması barədə iddia ərizəsində göstərilən dəlillərin heçcə birinin (burada 4.3.1. – 4.3.3. bəndləri) adı çəkilmir, mübahisələndirilmir. Yalnız tezis bəyan edilir. Bunu məhkəmə araşdırması adlandırmaq mümkündürmü?
5.6. Üçüncü dəlillə bağlı biz yenə də MSK və məhkəmənin qanunsuz mövqelərinin sıx tellərlə bağlılığını müşahidə edirik. İddiaçının başqa dövlət qarşısında öhdəliyi varsa, onu göstərmək əvəzinə MSK öz qərarında və onun nümayəndəsi məhkəmədə dedilər ki, belə öhdəlik ola bilər. Söhbət hansı konkret öhdəlikdən gedə bilər, bu məsələ açıq qaldı. Halbuki, İnzibati Prosessual Məcəllənin 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.3. maddəsinə görə, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
Məhkəmə isə prosessual qanunun üzünü astarına çevirərək, sübutetmə yükünü birbaşa R.İbrahimbəyovun üzərinə qoymuşdur!
5.7. Bir neçə kəlmə də Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq yaşamaq tələbi haqqında. MSK və apellyasiya məhkəməsinin qərarlarında həmin müddətinə hesablanması qaydası o deməkdir ki, 1998-ci ildə Heydər Əliyev, 2003-cü ildə İlham Əliyev konstitusion normaya zidd olaraq namizəd kimi qeydə alınmışlar. Bunu biz demirik, bunu MSK və İman Nağıyevin sədri olduğu Bakı Apellyasiya Məhkəməsi deyir!
5.8. İddiaçının irəli sürülmüş namizədlikləri təsdiqlənmiş başqa şəxslərin MSK-dakı işlərinin məhkəməyə gətirilməsinə dair vəsatətinə MSK-nın etirazı və kollegiyanın da həmin vəsatəti rədd etməsi birmənalı sübut edir ki, R.İbrahimbəyova münasibətdə ikili standartlara yol verilmiş, iqtidaryönlü namizədlər barəsində verilməyən sorğular, tələb edilməyən məlumatlar yalnız iddiaçının barəsində toplanılmışdır. Bu Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci və 25-ci maddələrinin kobud pozulması deməkdir. R.İbrahimbəyov siyasi baxışlarına, hazırki iqtidara münasibətinə görə Azərbaycan Respublikası Prezidenti seçilmək hüququ və imkanından məhrum edilmişdir.
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90 – 94-cü maddələrini rəhbər tutaraq,
Xahiş edirəm:
1. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı İbrahimbəyov Rüstəm Məmməd İbrahimoviçin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi barədə iddia ərizəsinə dair inzibati iş üzrə 2-1inz(103)-1420/2013 saylı, 30 avqust 2013-cü il tarixli qərarı ləğv edilsin.
2. İş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunsun.